31 MARCH 2017
Məktəblilər üçün “Sağlam qidalanma” mövzusunda seminar keçirildi
30 mart 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 132-134 nömrəli Təhsil Kompleksində “Sağlam qidalanma” mövzusunda seminar keçirdi.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş təlim məktəblilərin sağlam qidalanmaya dair biliklərinin artırılmasına yönəlmişdi.
Təlimdə İSİM-in əməkdaşı Nərmin Əliyeva məktəbin yuxarı sinif şagirdlərinə və müəllim heyətinə sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda təqdimat etdi. O, sağlam qidalanmanın balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarət olduğunu qeyd etdi. Sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğulayan mütəxəssis sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini, bu fiziki aktivliyin də davamlı və planlaşdırılmış formada həyata keçiriləməsinin lazımlı olduğunu bildirdi. Məktəblilərin böyük marağına səbəb olan təqdimatda N.Əliyeva sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verdikdən sonra şagirdləri maraqlandıran sualları cavablandırdı.
Daha sonra İSİM-in digər mütəxəssisi Şəhla Mirzəzadə “Enerji balansı və enerji sərfi” mövzusunda təqdimat ilə çıxış etdi. Ş. Mirzəzadə məktəblilərə qəbul etdikləri gündəlik qidaların enerji balansından və hansı qida məhsullarının onların sağlamlığı üçün faydalı olmasından bəhs etdi. Həkim-metodist insanların sağlam qidalanmadıqları təqdirdə mübadilə proseslərinin pozulması hallarının baş verdiyini, bunun nəticəsində yaranan və ictimai sağlamlığa təhlükə sayılan piylənmə hallarını da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Aynur Seyidova İSİM ilə birlikdə əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirilən işlər haqqında şagirdləri məlumatlandırdı və bu kimi silsilə tədbirlərin gələcəkdə də davam edəcəyini qeyd etdi.