3 MARCH 2017
İSİM-də ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın Azərbaycanda tətbiqinə dair seminar keçirildi
2-3 mart 2017-ci il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə ana və uşaq sağlamlığının inteqrasiyasına, ana və uşaq ölümünün səviyyəsinin azaldılmasına yönəlmiş 2 günlük seminar təşkil olundu.
Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyasının, ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin, BMT-nin Uşaq Fondunun (UNİCEF), ölkənin bütün perinatal mərkəzlərinin və bir neçə tibb müəssisəsinin nümayəndələrinin iştirakı ilə ana ölümlərinin qarşısının alınması və həmçinin azaldılmasında xüsusi əhəmiyyətə malik olan “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasının Azərbaycanda geniş tətbiqi müzakirə olundu. Bu metodologiyanın Azərbaycanda tətbiqi üçün texniki dəstəyin göstərilməsi məqsədilə xüsusi olaraq ÜST-nin Avropa Regional Bürosunun Seksual və Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane və ekspert cənab Steilian Xodorogea dəvət olunmuşdular.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov qonaqları, tədbir iştirakçılarını salamladıqdan sonra ana və uşaq sağlamlığının inteqrasiyası, ana və uşaq ölümünün səviyyəsinin azaldılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlər haqqında seminar iştirakçılarını məlumatlandırdı. O, hazırkı seminarın “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planı”na uyğun olaraq həyata keçirildiyini bildirərək, sosial yönümlü siyasət həyata keçirən dövlətimizdə ana və üşaqların sağlamlıqlarının qorunması istiqamətində son illər ərzində böyük nailiyyətlər əldə olunduğunu vurğuladı. Direktor bildirdi ki, sözügedən metodologiyanın ölkəmizdə tətbiq olunması bu istiqamətdə son dərəcə vacib məqamlardan biridir və bu metodologiyanın tətbiqi dövlətimizin ana və uşaq sağlamlığının qorunmasında, ana və uşaq ölümlərinin azaldılmasında əldə etdiyi nailiyyətlər sırasında olacaq.
C.Məmmədov bu nöqteyi-nəzərdən seminarın keçirilmə vaxtının da Azərbaycanda Reproduktiv sağlamlıq Strategiyasının müzakirə olunduğu, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əsaslı təmirdən sonra yenidən istismara verildiyi bir dövrə təsadüf etdiyini hamının diqqətinə çatdırdı.
C. Məmmədov həmçinin seminarlardan əvvəl 28 fevral-1 mart tarixlərdə qonarlarımız olan ÜST-nin ekspertlərinin iştirakı ilə ölkə üzrə “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasını pilot olaraq 2015-ci ildən etibarən həyata keçirən 3 doğuşa yardım mərkəzində: Respublika Perinatal Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının Doğum şöbəsi, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum şöbəsi, habelə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 1 nömrəli Doğum Evində nümunəvi mamalıq ağırlaşması hallarının müzakirəsinin aparıldığını birldirdi. Direktor bildirdi ki, ÜST ilə əməkdaşlıq nəticəsində hazırlanan bu metodologiya ana ölümlərinin qarşısının alınması və həmçinin azaldılmasında xüsusi əhəmiyyətə malikdir.
Tədbir iştirakçısı olan Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşa yardım Komissiyasının sədri Sevinc Məmmədovanın ölkəmizdə ana və uşaq ölümünün səviyyəsinin azalmasından və dövlətin bu istiqamətdə qayğılarından bəhs etməsindən sonra İSİM-in Səhiyyə siyasəti və islahatlar mərkəzinin müdir müavini Nabil Seyidov çıxış etdi. Mütəxəssis “Azərbaycanda analara və yenidoğulmuşlara göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması üzrə xülasə”ni seminar iştirakçılarına təqdim etdi. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev və UNİCEF-in nümayəndəsi Sevinc Topçubaşova isə analara və yenidoğulmuşlara xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatların göstərdiyi dəstəkdən danışdılar.
Daha sonra ÜST-nin Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tətbiqi metodikası”nın Avropa Regionunda tətbiqi və Avropa Regionunda ana sağlamlığı və 2017-2021-ci illər üçün seksual və reproduktiv sağlamlığın yaxşılaşdırılması üzrə Avropa Planı haqqında seminar iştirakçılarını məlumatlandırdı.
Seminarın ilk günü ÜST-nin eksperti cənab Steilian Xodorogeanın ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tətbiqi metodikasının Avropa Regionunda tətbiqinin inkişafından danışması və iştirakçılarla müzakirələrin aparılması ilə başa çatdı.
Seminarın ikinci günü Azərbaycanda “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tətbiqi metodikası”nın pilot tətbiqi ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sektor sədri Leyla Rzaquliyeva və İSİM-in mütəxəssisi Nabil Seyidov çıxış etdi. Daha sonra Azərbaycanda kritik halların tədqiqatı təcrübəsi, nailiyyətlər və çətinlikləri haqda Azərbaycanda “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tətbiqi metodikası”nı tətbiq edən müəssisələrin nümayəndələri çıxış etdilər. Tədbir iştirakçıları ilə qrup işinin təşkilindən və bu qrupların hesabatları və müzakirələri aparıldıqdan sonra müzakirə olunan metodikanın ölkəmizdə tətbiqinə dair gələcək addımların işlənib hazırlanması barədə xanım Qunta Lazdane iştirakçılarla diskussiya təşkil etdi. Seminarda hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin müəyyənləşdirilməsi üçün müzakirələr aparıldı: ilkin qiymətləndirmə, vəziyyətin təhlili və bu istiqamətdə səhiyyənin təkmilləşdirilməsi ilə əlaqədar planlaşdırılan tədbirlər haqda məlumatlar verildi. ÜST-nin nümayəndələri seminar iştirakçılarını ÜST-nin Ana və Yenidoğulmuş Sağlamlığının Tədqiqatı qrupunun çoxsaylı ölkələr üzrə keçirdiyi sorğusu haqqında məlumatlandırdılar.
Seminarın yekununda İSİM-in direktoru adı çəkilən metodologiyanın tətbiqinin ölkəmiz üçün ana və uşaq ölümünün səviyyəsinin azaldılmasında böyük əhəmiyyət kəsb etdiyini deyərək, ölümlə nəticələnmiş və ya uğurla qarşısı alınmış kritik halların təhlili, əməkdaşlar arasında təcrübə mübadiləsinin aparılması, komanda işinin peşəkarlığının da olduqca önəmli olduğunu vurğuladı. “Bu baxımdan sözügedən seminar yerli mütəxəssislərimizin “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasını öz fəaliyyətlərində tətbiq etmələri üçün bir başlanğıc platformasıdır və seminar nəticəsində iştirakçılar səhiyyənin təşkili səviyyəsində kritik hadisələrin auditini keçirmək üçün əsas bacarıqlara yiyələndilər”, – deyə direktor nitqini yekunlaşdırdı.
Tədbirin sonunda qonaqlar və iştirakçılarla ümumi müzakirələr aparıldı, xatirə fotosu çəkildi.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.