26 MAY 2016
İSİM-in əməkdaşları "Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması" layihəsi çərçivəsində növbəti görüş keçirdilər
Səhiyyə Nazirliyinin göstərişi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) BMT-nin Əhali Fondu (UNFPA) ilə strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara hazırlıq sahələrində birgə əməkdaşlığı çərçivəsində “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsinin hədəfi bu dəfə tibb sahəsindən olan mütəxəssislər oldular.
23 may 2016-cı il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutan bu tədbirdə Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan, Ağsu rayon mərkəzi xəstəxanalarının baş həkimlərinin müavinləri və mama-ginekoloqları, Şamaxı Diaqnostika Mərkəzinin müdir müavini və doğum şöbəsinin baş həkimin müavini, Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin baş inspektoru, Şamaxı RPŞ-nin İTB-nin rəisi, baş inspektoru və qurumun digər nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müdir müavini, şöbə rəisi və qurumun digər əməkdaşları iştirak etdilər.
Bu tədbirdə İSİM-i təmsil edən Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov layihə çərçivəsində keçirilən görüşün məqsədini açıqlayıb, fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması barədə görüş iştirakçılarına məlumatlar verdilər. Onlar MİXP-nin beynəlxalq aləmdə işlənməsinin tarixçəsi, UNFPA-nın regional təşəbbüsü, ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud olan hazırlıq, bu hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın vacibliyindən söhbət açdılar. Mümkün fövqəladə hallarda Səhiyyə Nazirliyi və digər nazirliklərin aidiyyəti qurumları ilə əlaqəli işin daha yaxşı qurulmasına nail olmaq üçün MİXP haqda yaxından məlumatlı olmanın vacibliyi vurğulandı.
Məruzəçilər toplantı iştirakçıları ilə fövqəladə vəziyyətlərdə cinsi zorakılıq, zorakılıq qurbanları üçün tibbi xidmətlər, CYYİ və İİV sahəsində kompleks proqramların planlaşdırılması, ailə planlaşdırılması, koordinasiya mexanizmləri, fövqəladə hallarda ana və yenidoğulmuşların sağlamlığı, təhlil, monitorinq və qiymətləndirmə, böhran şəraitlərində cinsi və reproduktiv sağlamlıq (CRS), fövqəladə hallarda İİV/CYYİ profilaktikası, təşkilatlararası reproduktiv sağlamlıq komplektləri “SPRİNT” təşəbbüsü və s. mövzularda müzakirələr apardılar, bu mövzular ətrafında məruzələr dinlənildi. Həmçinin, nazirliklər/idarələrarası koordinasiya əlaqələrinin saxlanılması üçün məqsədəuyğun əməkdaşlıq formalarından bəhs edildi.
Görüş zamanı fövqəladə vəziyyətə düşmüş insanlara humanitar xidməti göstərən və təşkil edən əməkdaşlar arasında cinsi istismarın və kobud hərəkətlərin istisna edilməsi məqsədi ilə təklif olunan etik qaydalar da müzakirə olundu.