İSİM tərəfindən Tibb kolleclərində diplomdansonrakı təhsil müəllimləri üçün İmmunizasiya Moduluna dair Baza və Tematik kursların tədrisinin aparılması üzrə təlimlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

2 NOVEMBER 2015

İSİM tərəfindən Tibb kolleclərində diplomdansonrakı təhsil müəllimləri üçün İmmunizasiya Moduluna dair Baza və Tematik kursların tədrisinin aparılması üzrə təlimlər keçirildi

2015-ci il oktyabrın 19-dan 23-dək və 26-dan 30-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində Tibb kolleclərində diplomdansonrakı təhsili tədris edən müəllimlər üçün İmmunizasiya Moduluna dair Baza və Tematik kursların tədrisinin yeni “kaskad +” metodologiyası ilə aparılması üzrə təlimlər keçirildi. Hər biri beş gün davam edən təlimlərin məqsədi diplomdansonrakı təhsil sistemini gücləndirmək vasitəsi ilə tibb təhsili verən müəllimlərin immunoprofilaktika sahəsində potensialının artırılmasına nail olmaq idi.

Təlimi giriş sözü ilə açan İSİM-in bu layihənin həyata keçirilməsi üzrə icra qrupunun üzvü Səbinə Babazadə müəllimlərin təlimlərə cəlb olunmasında onların bilik səviyyəsinin qaldırılmasından, immunoprofilaktika modulu üzrə Baza və Tematik kurs proqramlarının tədris metodlarına və praktiki bacarıqlara yiyələnərək bu bilikləri öz iş yerlərində tətbiq olunmasının vacibliyindən danışdı. S.Babazadə bildirdi ki, bu modullar orta tibb işçilərinin həm nəzəri, həm də praktik baxımdan biliklərinin artırılmasına yardım edəcək.

2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva hazırkı təlimlərin Azərbaycanda ilk olmadığını və artıq 3-cü dəfə keçirilməsindən, bu təlimlər sayəsində immunoprofilaktika modulu üzrə tədris keçən müəllimlərin işinin xeyli təkmilləşməsindən söhbət açdı. Məruzəçi vurğuladı ki, diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi, orta tibb işçilərinin bilik və bacarıqlarının artırılmasına imkanın yaradılması son illərdə səhiyyə sahəsində aparılan islahatların müsbət göstəricisidir. Sonda D.Məmmədəliyeva layihə çərçivəsində təlimlərin yüksək səviyyədə keçirilməsini təşkil edən İSİM-in rəhbərliyinə təşəkkürünü bildirdi.

Layihənin həyata keçirilməsi üzrə icra qrupunun üzvü Lütfi Qafarov vurğuladı ki, keçən il həyata keçirilmiş və yenilənmiş immunizasiya modulu ilə tanışlıq xarakteri daşımış təlimlərdən fərqli olaraq, bu ilki təlimlərin məqsədi “kaskad +” metodologiyası əsasında tərtib olunmuş tədris metodikasının öyrənilməsidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq eksperti Arzu Köşəli və yerli mütəxəssislər - 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimləri İradə Əhmədova, Dürdanə Vahidova tərəfindən aparılan təlimlər zamanı iştirakçılar tədris məşğələlərinin aparılmasında yeni üsullar, metodlar və yanaşmalar barədə biliklərə yiyələndilər.

İki qrupdan ibarət komandalarda 2 saylı Bakı Baza Tibb Kolleci, 1 saylı Bakı Tibb Kolleci, həmçinin Sumqayıt Tibb Kolleci, Gəncə, Lənkəran, Şəki, Mingəçevir və Naxçıvan Tibb Kolleclərindən olan 50 müəllim iştirak edərək təlimləri müvəffəqiyyətlə başa vurdular.