İSİM-də 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

17 JUNE 2014

İSİM-də 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olundu

2014-cü il iyunun 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi. İştirakçıları Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edən İSİM-in direktoru Ceyhun Məmmədov son illərdə öz inkişaf dövrünü yaşayan ölkə səhiyyəsinin nailiyyətlərindən söhbət açdı. Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə dayanmadan fəaliyyət göstərən İSİM-in də bu uğurlardan yan keçmədiyini vurğulayan direktor hazırda 80-ə yaxın klinik protokolun hazırlanaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndiyini, ana və uşaq sağlamlığı və ictimai səhiyyənin digər önəmli istiqamətlərində fəaliyyətin səmərəliliyindən bəhs etdi.

Dövlətin hər zaman səhiyyə işçilərinə dəyər verdiyini nəzərə çatdıran C.Məmmədov Azərbaycan Respublikasının bir sıra səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarovun “Tərəqqi” medalı ilə təltif edilməsinin, Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılovanın isə əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Səhiyyə Naziri Oqtay Şirəliyev tərəfindən “Fəxri Fərman”la təltif olunmasının buna bariz nümunə olduğunu vurğuladı.

Daha sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzində göstərdikləri xidmətlərə görə fərqlənən əməkdaşlara “Fəxri Fərman” və “Təşəkkürnamə”lər təqdim olundu. C.Məmmədov İSİM-in kollektivini təbrik etdi və bu şərəfli işdə onlara uğurlar arzuladı. Əmək fəaliyyətlərini dəyərləndirdiyi üçün tədbir iştirakçıları direktora öz minnətdarlıqlarını bildirdilər.