11 DECEMBER 2014
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2014-cü il dekabrın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycana Birgə Yardım Təşkilatı, Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyi və “Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov Mərkəz tərəfindən “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında keçirilmiş tədbir barədə ətraflı söhbət açdı. Dövlət Proqramları çərçivəsində məişət zorakılığı, pasiyentlərin tibbi xidmətlərdən razılığı, uşaqların icbari dispanserizasiyası istiqamətində keçirilən sorğulardan, Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində təşkil olunan təlimçilər üçün təlimdən bəhs edən direktor həmçinin İSİM-in mütəxəssisləri tərəfindən hərbi xidmətdə olan gənclərlə maarifləndirmə görüşlərinin keçirildiyini nəzərə çatdırdı. Maarifləndirmə materialları və əyani vəsaitlər üzərində də işlərin görüldüyünü bildirən C.Məmmədov reproduktiv sağlamlıq, QİÇS və digər ictimai səhiyyə mövzularında buklet və plakatların hazırlandığı, eləcə də dövlət orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan, sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edildiyi və bu məlumatların vətəndaşlar arasında təşviqi ilə bağlı məlumat verdi.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov 1 dekabr – “Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə bağlı silsilə tədbirlərin təşkil olunduğundan, tədris müəssisələrində müayinə və profilaktika işlərinin aparıldığından, Bakı Slavyan Universitetinin 200 tələbəsi arasında ağız suyu vasitəsilə diaqnostikanın qoyulması üçün ekspress-testlərin keçirildiyindən söhbət açdı: “Ümumilikdə 18000 müayinə aparılıb, 42 görüş və seminar keçirilib.” E.Muradov məruzəsində İİV-lə bağlı Qlobal Fondun maliyyələşdirdiyi Strateji Plan üzrə müalicə, profilaktika və epidemioloji nəzarət istiqamətində aparılan qiymətləndirmə ilə bağlı məlumatı da diqqətə çatdırdı.
Yeniyetmələrin reproduktiv sağlamlığı ilə bağlı metodik vasitələrin hazırlanması, doğuşayardım və neonatal xidmət üzrə monitorinqlərin aparılması və klinik protokolların təqdimatı ilə bağlı görüşlərin keçirildiyindən bəhs edən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı Leyla Məmmədova elmi-tədqiqat işlərinin də davam etdirildiyini bildirdi: “Ailə planlaşdırılması, ana ölümünün azaldılması ilə bağlı tədqiqat işləri davam edir. Tezliklə II səviyyəli doğuşayardım müəssisələrinin avadanlıqla təchizatının monitorinqinə başlanılacaq.”
Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyinin texniki koordinatoru Afaq Novruzova QİÇS və vərəm layihələrinin icrası üçün beynəlxalq ekspertlərin dəvət olunduğunu və fəaliyyətin davam etdirildiyini bildirdi. Məktəblərdə maarifləndirmə işlərinin aparıldığını nəzərə çatdıran Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Səbinə İran Məhbubi yol təhlükəsizliyi, vərəm, qeyri-infeksion xəstəliklər və ilk yardım ilə bağlı görülən işlərdən söhbət açdı.
Azərbaycana Birgə Yardım Təşkilatının layihə meneceri Züleyxa Nəcəfova icma əsaslı reabilitasiya mərkəzlərinin, yaradılmış məktəbəqədər təhsildə özünədəstək qruplarının fəaliyyətinin uğurla davam etdirildiyini, 6 region üzrə 18 sosial işçinin iştirakı ilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
“Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin sədri Lətafət Əlizadə 2006-cı ildə yaradılmış təşkilat haqqında məruzə edərək diqqəti aparılan sosial xarakterli fəaliyyət və layihələrə çəkdi: “Ağır infeksion xəstəliklərin qadın təcridxanalarında yayılması, hepatitlər, körpə uşaqların gözdən əlil doğulması, qohumluq nikahının ləğv edilməsi, erkən nikah və nikahsız ailə qurulması ilə bağlı layihələrimiz uğurla həyata keçirilir.”
Məruzələr ətrafında fikir mübadiləsi zamanı maraqlı suallara aydınlıq gətirildi, gələcək əməkdaşlıq naminə təklif və tövsiyələr dinlənildi.