25 NOVEMBER 2014
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı İSİM və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dəyirmi masa təşkil olundu
2014-cü il noyabrın 25-də Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq, Gəncliyə Yardım Fondunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dəyirmi masa təşkil olundu. Bakı şəhəri üzrə ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatı və qeyri-hökumət təşkilatlarının fəal gənclərinin iştirak etdiyi dəyirmi masanın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bir daha qadın zorakılığı probleminə yönəltmək idi.
Məişət zorakılığına həsr olunmuş videoçarx izlənildikdən sonra İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün qeyd olunmasının zəruriliyini vurğuladı: “Məişət zorakılığı, xüsusilə də qadınlara və uşaqlara qarşı zorakılıq cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, qadınlara və uşaqlara qarşı zorakılıq dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hələ mövcuddur. Bu baxımdan belə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacib əhəmiyyəti vardır”.
Dünyada qadınların 60%-nin ailələri tərəfindən zorakılığa məruz qaldığını bildirən A.Hacıyeva məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə Azərbaycanda 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun qəbul edildiyini nəzərə çatdırdı.
Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Təfəkkür Universiteti, Bakı Avrasiya Universiteti, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Bakı Kompüter Kollecinin fəal tələbələrinin sualları ətrafında müzakirələr zamanı maraqlı məqamlara aydınlıq gətirildi.
“Qadın zorakılığı” mövzusunda təqdimatla çıxış edən İSİM-in əməkdaşları Nərmin Novruzova və Mehriban Məmmədova diqqəti ailədaxili zorakılığın yaranma səbəbləri və nəticələrinə çəkdilər: “Ailə zorakılığı dünyada geniş yayılan faktorlardan biridir. Bu ciddi problemin qurbanlarının 95%-i qadınlar olur və onların fundamental insan hüquqları pozulur. Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmir. Bunun əsas səbəbi isə milli adət-ənənələrdir”.
Məruzəçilər zorakılığın əsas səbəblərindən biri kimi erkən və məcburi nikahdan da bəhs etdilər: “Erkən nikah 18 yaşı olmayan həm oğlanın, həm də qızın sağlamlığına, gələcək həyatına ciddi mənfi təsirlər göstərə, ailədaxili zorakılığa səbəb ola bilər. Məcburi nikah ailə qurmağa məcbur edilmə deməkdir. Qarşılıqlı istək olmadan qurulmuş ailələr çox vaxt tez dağılır, həmin ailələrdə zorakılıq halları və boşanmalar tez-tez baş verir”.
Məruzəçilər “Hər kəs sağlam və təhlükəsiz ailə münasibətlərinə layiqdir. İnsanlar nəzarət və qorxu mühitində yaşamalı deyil!” deyə çağırış etdikdən sonra qadın zorakılığı ilə bağlı videoçarx izlənildi.
“Qadınların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nigar Muradova qadın zorakılığının növləri, baş verən neqativ hallar, bununla mübarizə üsulları barədə ətraflı məlumat verərək zorakılıqla mübarizədə qadınların təhsil və dünyagörüşünün olmasının əhəmiyyətini diqqətə çatdırdı: “Qadın cəmiyyətin aparıcı qüvvəsidir. Qadın mütləq təhsil almalıdır. Unutmamalıyıq ki, qadın zəif deyil, zərifdir!”
Təhlükə anında insanların müraciət edə biləcəkləri müvafiq təşkilatların qaynar xətt və əlaqə nömrələrini nəzərə çatdıran İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə gənclərin, xüsusilə zərif cinsin nümayəndələrinin zorakılıqla mübarizə istiqamətində məlumatlı olmasının vacibliyini vurğuladı.
Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş üzrə sektor müdiri Zamin Əhmədov tədbirin təşkilində yaxından iştirakına görə İSİM-ə təşəkkürlərini çatdırdılar, əməkdaşlıq çərçivəsində belə maarifləndirmə tədbirlərinin gələcəkdə də keçiriləcəyini bildirdilər.
Gənclərə İSİM tərəfindən hazırlanmış xüsusi çantalarda təqvim, buklet, plakat, bloknot və qələm paylanıldıqdan sonra maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.