17 NOVEMBER 2014
Uşaqların dispanserizasiyası çərçivəsində tibbi xidmətin keyfiyyətinin monitorinqi, həyata keçirilən dispanserizasiya prosesinin ümumi qiymətləndirilməsi məqsədilə Bakıda xüsusi sorğuların aparılması işinə başlanıldı
Uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
2013-2017-ci illəri əhatə edən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.
Dispanserizasiya çərçivəsində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinqi, habelə həyata keçirilən dispanserizasiya prosesinin ümumi qiymətləndirilməsi məqsədilə Bakıda 1000 şagird, 400 valideyn və 50 həkim-pediatr arasında xüsusi sorğuların aparılması işinə başlanılıb.
Sorğu vasitəsilə uşaqların dispanserizasiya tədbirlərinə cəlb olunması vəziyyəti, dispanserizasiya prosesi çərçivəsində aparılmış müalicəvi və tibbi diaqnostik müayinələrin çeşidi və ardıcıllığı öyrəniləcək, qeyri-infeksion xəstəliklərin profilaktikası baxımından uşaqlara və onların valideynlərinə sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlər və reproduktiv sağlamlıqla bağlı məsləhətlərin verilməsi də qiymətləndiriləcək.
Sorğu vasitəsilə uşaqlar arasında icbari dispanserizasiyanın keçirilməsinə dair Dövlət Proqramı barədə əhali və həkim-pediatrların məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrəniləcək.
Keçirilmiş sorğuların nəticələri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən təhlil ediləcək və müəyyən edilmiş boşluqlar, çatışmazlıqlar və problemlərin aradan qaldırılması və növbəti illər üçün prosesin təkmilləşdirilməsi məqsədilə müvafiq tövsiyələri əks etdirən hesabat hazırlanacaq.