17 NOVEMBER 2014
İSİM tərəfindən “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na əsasən yeni layihə həyata keçirilir
Məişət zorakılığı, xüsusilə də qadınlara və uşaqlara qarşı zorakılıq cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, qadınlara və uşaqlara qarşı zorakılıq dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hələ mövcuddur.
Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə Azərbaycanda 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir.
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bir sıra əhəmiyyətli layihə və tədbirlər icra edilib, fəaliyyət bu gün də davam etdirilir.
2014-cü ilin oktyabr ayından başlanılmış yeni layihənin əsas məqsədi məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrlə psixoloji, sosial və tibbi yardım işini aparan müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlarının, o cümlədən, polislər, həkimlər, sosial işçilər, psixoloqlar, müəllimlərin, bilik və bacarıqlarının genişləndirilməsidir. Layihə çərçivəsində oktyabr ayında Ucar Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları və Ucar rayonunda “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyilə yaradılmış “Məişət zorakılığına məruz qalmış uşaqlar üçün Ucar Regional Sosial Reabilitasiya Mərkəzinin” əməkdaşları üçün 2 günlük təlim kursu təşkil edilib.
Bununla yanaşı, noyabrın 17-18-də Ucar, Kürdəmir, Göyçay, Zərdab, Hacıqabul, Yevlax və Ağdaş rayonlarının İcra Hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının, polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölmələrinin, əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları, mərkəzi rayon xəstəxanalarının həkimləri və məktəb müəllimləri və psixoloqları üçün 2 günlük təlim kursu da təşkil edilib. Bu təlim proqramı vasitəsilə 40 nəfər məişət zorakılığının profilaktikası, habelə məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrlə reabilitasiya işinin əsaslarına yiyələnib.
Təlimlər zamanı iştirakçılara layihə çərçivəsində hazırlanmış plakat, buklet, habelə İSİM tərəfindən 2013-cü ildə hazırlanmış praktik tövsiyələr paylanılıb. Eyni zamanda İSİM-in əməkdaşı Nabil Seyidovun layihə ilə bağlı radioda çıxışı olub. İlin sonunadək isə məişət zorakılığının profilaktikası və məişət zorakılığına məruz qalmış şəxslərlə tibbi, psixoloji, hüquqi və sosial işin aparılmasına dair Metodik tövsiyələr Toplusunun hazırlanması və çapı nəzərdə tutulub.