22 OCTOBER 2014
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2014-cü il oktyabrın 22-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi.
İclasda İSİM, BMT-nin Uşaq Fondu (UNİCEF), ÜST-nin Azərbaycan nümayəndəliyi, Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” proqramı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyi və Xəzər Qayğıkeşlik Layihəsinin nümayəndələri iştirak etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq Dövlət Proqramları çərçivəsində məişət zorakılığı, pasiyentlərin tibbi xidmətlərdən razılığı, uşaqların icbari dispanserizasiyası istiqamətində keçiriləcək sorğulardan bəhs etdi. Maarifləndirmə materiallarının hazırlandığı, “Hamiləlik və vərəm”, “Təhlükəsiz abortlar” üzrə klinik protokolların çap edildiyi, “Ürək-damar xəstəliklərinin profilaktikası” üzrə klinik protokolun təsdiq olunduğu barədə məlumat verən direktor ÜST ilə birgə həkimlər arasında qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinə dair təlimlərin keçiriləcəyi, keçirilmiş Demoqrafiya və Sağlamlıq Sorğularının və Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə əsasən QİX-in risk amilləri üzrə araşdırmanın aparılacağı barədə ətraflı məlumat verdi. İmmunlaşdırma üzrə Qlobal Alyansın maliyyələşdirdiyi və İSİM tərəfindən həyata keçirilən “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsinin uğurla davam etdirildiyini vurğulayan C.Məmmədov layihə çərçivəsində immunlaşdırma üzrə hazırlanmış yeni modulun bu ildən tibb texnikumlarında tədris planına daxil edildiyini diqqətə çatdırdı.
Xəzər Qayğıkeşlik Layihəsinin Sağlamlıq üzrə məsləhətçisi Stiv Stounhaus layihələr çərçivəsində uşaqlar arasında çəpgözlük əməliyyatlarının aparıldığı barədə məlumat verdi.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov İİV-lə bağlı Qlobal Fondun maliyyələşdirdiyi Strateji Plan üzrə müalicə, profilaktika və epideimoloji nəzarət istiqamətində qiymətləndirmənin aparıldığını, Səhiyyə Nazirliyinə ilkin tövsiyələrin təqdim olunduğunu bildirdi: “Qiymətləndirmənin aparılmasında məqsəd layihə çərçivəsində görülən işlərin mövcud vəziyyətinin öyrənilməsi və gələcək fəaliyyətin dayanıqlılığının saxlanılmasıdır.”
Narkoloji xidmətlə bağlı xüsusi könüllü müayinə və məsləhət məntəqələrinin yaradılmasının planlaşdırıldığını nəzərə çatdıran E.Muradov gələcəkdə İİV-lə bağlı 3000-dən çox insan arasında epidemioloji nəzarət üzrə tədqiqatın aparılacağı barədə məlumat verdi.
ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova vərəm və İİV proqramları ilə əlaqədar Qlobal Fonda müraciətin təqdim olunduğundan, Vərəm Proqramı üzrə Milli Strateji Planın hazırlanması istiqamətində fəaliyyətin aparıldığından söhbət açdı.
2016-2018-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan QİÇS və vərəm layihələri ilə bağlı müraciətin Qlobal Fonda göndərildiyini deyən Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyinin texniki koordinatoru Afaq Novruzova layihənin icrası üçün beynəlxalq ekspertlərin dəvət olunduğunu bildirdi.
Qan donorluğu və vərəm layihələri üzrə fəaliyyətin davam etdirildiyi ilə bağlı məlumat verən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihə rəhbəri Mətanət Qaraxanova qan donorluğuna dair təşəbbüs qrupunun yaradıldığını, vərəm üzrə gələcəkdə QHT platformasının yaradılacağını vurğuladı.
Azərbaycana Birgə Yardım Təşkilatının layihə meneceri Züleyxa Nəcəfova icma əsaslı reabilitasiya mərkəzlərinin uğurla fəaliyyətinin davam etdirildiyini, serebral iflicli uşaqlarla qrup məşğələlərinin aparıldığını, gələcəkdə 6 region üzrə 18 sosial işçinin iştirakı ilə maarifləndirmə tədbirlərinin keçiriləcəyini diqqətə çatdırdı.
Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” proqramının milli koordinatoru Azad Hacıyev narkotik maddələrlə bağlı ÜST-nin sorğuları üzərində işlərin görüldüyündən bəhs etdi.
Uşaqların qidalanması üzrə sorğu nəticələrinin hazır olduğunu deyən BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov gələcək planlardan da söhbət açdı: “Uşaqlıq dövrünün xəstəlikləri, erkən aşkarlanma, erkən müdaxilə, uşaqlarda İİV-in müalicəsi ilə bağlı təlimlər, İİV layihəsi çərçivəsində elektron təlim kursu keçiriləcək, ağız suyu ilə İİV-in müəyyən edilməsi ilə bağlı pilot layihə icra olunacaq.” Məruzəçi o cümlədən bu ildən etibarən ölkəmiz üçün Səhiyyə Nazirliyi tərəfindən planlı peyvəndlərin alınması işinin BMT-nin Uşaq Fonduna həvalə edildiyini vurğuladı.
Qan donorluğu istiqamətində gənc donorların cəlb olunduğundan, maarifləndirmə işlərinin aparıldığından, ilk yardım üzrə ölkədə şəbəkənin gücləndirilməsi istiqamətində fəaliyyətin görüldüyündən bəhs edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Sabinə İran Məhbubi Yol Təhlükəsizliyi üzrə Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlər barədə məlumat verdi.
Qeyri-infeksion xəstəliklər üzrə layihənin təqdimatında zərərli vərdişlər, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizliklə mübarizədə görülən fəaliyyət haqqında geniş məruzə edən Sabinə İran Məhbubinin təqdimatından sonra suallar ətrafında maraqlı fikir mübadiləsi aparıldı.