27 SEPTEMBER 2014
“29 sentyabr – Dünya Ürək Günü” ilə əlaqədar “Sağlamlıq yürüşü!” adı altında yürüş marafonu keçirildi
Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Dünya Ürək Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur. Bu gün ilk dəfə 2000-ci ildə keçirilib. 2011-ci ilə kimi “Dünya Ürək Günü” sentyabrın sonuncu bazar günü qeyd edilsə də, sonradan bu günün hər il sentyabrın 29-da keçirilməsi qərarına gəlinib. “Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək Federasiyası “Dünya Ürək Günü”nü hər il fərqli şüarla qeyd edir. “Həyat üçün ürək” “Dünya Ürək Günü”nün bu ilki şüarıdır. Hər il milyonlarla insan ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Vaxtından tez baş verən ölüm hallarının qarşısı tütün və spirtli içkilərdən imtina etmək, arterial təzyiqin və qanda şəkərin miqdarını normal saxlamaq, ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirən, arterial təzyiqi normallaşdıran və s. qoruyucu dərman preparatlarından istifadə etmək, düzgün qidalanmaq, çəkiyə diqqət etmək və fiziki aktiv olmaqla alına bilər. Belə vəziyyətdə Dünya Ürək Federasiyası dövlət qurumlarını, peşəkar tibb işçilərini, sahibkarları və digər fərdi şəxsləri bu yükün azaldılmasına çağırır.
“Dünya Ürək Günü”nü keçirməklə, Dünya Ürək Federasiyası və digər ölkələrin partnyor təşkilatları insanlara ürək-damar xəstəliklərinin profilaktikası ilə məşğul olmağın nə qədər vacib olduğu fikrini aşılayır. Dünya Ürək Federasiyası üzv və partnyor təşkilatlarla birgə bu gün üçün xüsusi tədbirlər planı hazırlayır və bu plana uyğun olaraq, insanları ürək xəstəliklərindən qorunmaq üçün diqqətli olmağa çağırır. Sağlam həyat tərzinin təbliği ilə məşğul olan təşkilatlar tərəfindən “Dünya Ürək Günü”ndə müxtəlif idman yarışları, konsertlər və xeyriyyə tədbirləri həyata keçirilir, əhalinin kütləvi sağlamlıq müayinəsi aparılır, elmi forumlar, sərgilər, festivallar təşkil edilir, filmlər göstərilir, maarifləndirici bukletlər paylanılır. “Dünya Ürək Günü” ölkəmizdə də geniş şəkildə qeyd olunur.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əsas prioritet istiqaməti olan əhalinin sağlamlığının qorunması mövzusu daim diqqət və nəzarətdə saxlanılır. Məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi daim bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bir çox layihələrə imza atır və tədbirlər həyata keçirir. Görülən hər bir iş, atılan hər bir addım insanların sağlamlığına, onların yaşam keyfiyyətinin yaxşılaşdırılmasına, ömür uzunluğuna yönəlib. Artıq bir neçə ildir ki, Dünya Ürək Günü ilə bağlı Bakıda və ölkənin ayrı-ayrı regionlarında bu qəbildən silsilə tədbirlər, beynəlxalq konfranslar və aksiyalar keçirilir, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminarlar təşkil olunur, maarifləndirici məlumat kitabçaları paylanılır.
Bu tədbirlərin davamı kimi, Səhiyyə Nazirliyi tərəfindən 2014-cü il sentyabrın 27-də Dənizkənarı Milli Parkda “Sağlamlıq yürüşü!” adı altında yürüş marafonu keçirildi. Ürək xəstəlikləri ilə mübarizəyə həsr olunmuş və insanları sağlam həyat tərzini seçməyə, idmanla məşğul olmağa çağıran marafonda respublikanın şəhər tibb idarə və müəssisələrinin əməkdaşlarından ibarət beş yüzə yaxın insan, o cümlədən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bir qrup əməkdaşı fəal iştirak etdi. Sonda yürüş qalibləri müvafiq olaraq mükafatlandırıldılar. Bu kimi tədbirlər gələcəkdə də əhaliyə öz sağlamlığına diqqət yetirmək və sağlam həyat yaşamaq fikrini aşılayır.