25 JUNE 2014
İSİM-in nümayəndələri Gəncənin “Kəpəz TV” kanalında pnevmokokk infeksiyasına qarşı peyvəndin əhəmiyyəti barədə çıxış etdilər
2014-cü il iyunun 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və BMT-nin Uşaq Fondunun əməkdaşlığı çərçivəsində İSİM-in şöbə müdirləri Səbinə Babazadə, Şəhla İsmayılova və Aysel Hacıyeva, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva və BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov Gəncənin “Kəpəz TV” kanalının qonağı oldular.
Həkimlərin və valideynlərin iştirakı ilə keçirilən tok-şounun ilk hissəsində peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklərin qlobal səviyyədə aradan qaldırıldığı, Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayının AR Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirildiyi barədə məlumat verildi: “2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.” İnfeksion xəstəliklərin insan həyatı üçün təhlükəli olduğunu bildirən mütəxəssislər bu xəstəliklər əleyhinə peyvənd olunmağın vacibliyini vurğuladılar: “Yalnız sağlam uşaqlar peyvənd oluna bilər. Onu yerinə yetirməzdən əvvəl həkim mütləq uşağı müayinə etməlidir.”
Tok-şouda eləcə də uşaqların sağlam inkişafı naminə görülən tədbirlərdən söhbət açıldı: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il tarixli 225 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrası üçün AR Səhiyyə Nazirliyinin Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq İSİM tərəfindən İmmunoprofilaktika, Pnevmokokka qarşı peyvənd barədə valideynlər üçün məlumat kitabçaları, eləcə də digər maarifləndirmə materialları hazırlanıb.”
Azərbaycanda milli immunlaşdırma proqramının dövlət tərəfindən dəstəkləndiyini nəzərə çatdıran mütəxəssislər hazırda profilaktik peyvəndlərin AR Səhiyyə Nazirliyi tərəfindən 1994-cü ildə təsdiq olunmuş peyvənd təqviminə əsasən həyata keçirildiyi və 2013-cü ilin 1 dekabrından Milli peyvənd təqviminə pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin əlavə olunduğu barədə məlumat verdilər: “Bir sıra xəstəliklərin törədicisi olan pnevmokokk infeksiyası hava-damcı yolu ilə yayılır. Azərbaycanda pnevmokokk infeksiyasının profilaktikası üçün istifadə olunan vaksin tam təhlükəsizdir. Valideyn uşağa pnevmokokk əleyhinə peyvəndi 2, 4 və 6 aylığında vurdurmalıdır. Uşağa pnevmokokk infeksiyasına qarşı peyvənd uşağın hərarəti yüksəkdirsə, vurula bilməz.” Sonda valideynlərə çağırış edildi: “Peyvəndlər uşaqlarınızın sağlamlığını və həyatını xilas edir! Peyvəndlərdən imtina etmək olmaz! Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər. Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qoruyun. Peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyaları həkimdən öyrənin. Peyvəndə qarşı reaksiya barədə mütləq həkimə məlumat verin.”
Peyvəndlərin dövlət tibb müəssisələrində pulsuz aparıldığını diqqətə çatdıran mütəxəssislər studiyada əyləşən həkimlərə və valideynlərə tövsiyələrini verdilər, onları maraqlandıran sualları cavablandırdılar.