30 MAY 2014
İSİM-in mütəxəssisləri “Sağlam Həyat Yaradıcılıq Sərgisi” adlı yeni layihə çərçivəsində yaradıcı gənclərə təlim keçdilər
2014-cü il mayın 28-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Addım” Yaradıcı Gənclər Assosiasiyası tərəfindən “Sağlam Həyat Yaradıcılıq Sərgisi” adlı yeni layihə çərçivəsində yaradıcı gənclər üçün “Sağlam həyat tərzi” mövzusunda mütəxəssislərin iştirakı ilə təlimlər keçirildi. Nabrandakı istirahət mərkəzlərinin birində gerçəkləşən təlimi “Addım” Yaradıcı Gənclər Assosiasiyasının sədri Hüseyn Cavadzadə açaraq layihə haqqında ətraflı məlumat verdi. Daha sonra isə gənclər “28 May – Respublika Günü” münasibəti ilə dövlət himnini ifa etdilər.
Təbiət qoynunda keçirilən təlim zamanı sağlam qidanın təbliğinə dair, eləcə də tütünçəkmə, narkomanlıq və QİÇS əleyhinə məruzələr edildi. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrasını təmin etmək məqsədilə təlimləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri – Səbinə Babazadə, Tofiq Musayev, Aysel Hacıyeva, Səbuhi Abdullayev və Pərvin Quliyeva apardılar. Yaradıcı gənclər tərəfindən böyük maraqla qarşılanan təlimlərin sonunda İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Layihənin növbəti mərhələsində təlim iştirakçıları “Sağlam həyat tərzi” mövzusunda yaradıcılıq məhsulları (sosial video, musiqi, rəsm əsəri, fotoqraflıq, film) hazırlayacaqlar. Gənclərin yaradıcılıq işləri müsabiqə proqramına qəbul olunacaq. İyunun 24-də isə təqdim olunmuş işlərin nümayişi və mükafatlandırılması mərasimi keçiriləcək, hər istiqamətdə 3 qalib (cəmi 12 nəfər) hədiyyələr və diplomlarla təltif olunacaq.