25 APRIL 2014
İSİM-də “103, 106 formalar daxil olmaqla, seçilmiş məlumatın daxil edilməsi və rayon səviyyəsinə inteqrasiya edilməsi” üzrə proqram təminatının təqdimatı oldu
2014-cü il aprelin 25-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “103, 106 formalar daxil olmaqla, seçilmiş məlumatın daxil edilməsi və rayon səviyyəsinə inteqrasiya edilməsi” üzrə proqram təminatının təqdimatı oldu.
Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansının (VİQA) Azərbaycan hökuməti ilə əməkdaşlığı barədə məlumat verən İSİM-in direktoru Ceyhun Məmmədov VİQA-nın “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsinin məqsədlərindən birinin məhz səhiyyə sistemində bir neçə proqram təminatının hazırlanması və tətbiqi olduğunu bildirdi: “Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində 103, 106 formalarının proqram təminatının yeniləşdirilməsi nəzərdə tutuldu və bu proqram təminatı “Omeqa” şirkəti tərəfindən həyata keçirildi. Üzərində bir neçə aydır işlənilən bu proqram təminatını Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi də qənaətbəxş hesab edib.”
“Omeqa” şirkətinin məsləhətçisi Elçin Quliyev sözügedən fəaliyyət çərçivəsində yenidoğulmuşların onlayn qeydiyyatı ilə bağlı təqdimat edərək əsas məqsədləri nəzərə çatdırdı.
Təqdimatda seçilmiş məlumatların sistemə daxiletmə formalarından və digər texniki məqamlardan söhbət açıldı.
Sonda fəaliyyətin təşkili, tətbiqi, davamlılığı məqsədilə gələcəkdə müvafiq tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparıldı.