15 APRIL 2014
İSİM-də “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsinin yekunlarına həsr olunmuş Dəyirmi Masa keçirildi
2014-cü il aprelin 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsinin yekunlarına həsr olunmuş Dəyirmi Masa keçirildi.
Layihədə iştirak edən və dəstək olan təşkilatların nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın keçirilməsində məqsəd fiziki aktivliklə bağlı İSİM-in bu günə kimi həyata keçirdiyi fəaliyyətə nəzər yetirmək idi. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” çərçivəsində gerçəkləşdiyini və kifayət qədər uğur qazandığını nəzərə çatdırdı: “Uğurla həyata keçirildiyini nəzərə alaraq, İSİM layihənin davamlılığı məqsədilə bundan sonra da müvafiq tədbirlər görəcək.”
“Gənclərin İnkişafı” İctimai Birliyinin nümayəndəsi Nəzrin Babazadə layihədə əməyi keçənlərə, o cümlədən İSİM-ə minnətdarlığını bildirdi. Layihənin eksperti Aytəkin Əsgərova fiziki aktivliyin vacibliyi və bu istiqamətdə görülən işlər barədə təqdimat etdi. Məruzəçi layihənin məqsədləri, əhəmiyyəti, layihə çərçivəsində görülmüş işlər, layihənin davamlılığı istiqamətində təkliflərə dair geniş məlumat verdi: “Layihənin məqsədi əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək idi. Gələcəkdə də layihənin daha geniş miqyas almasına çalışacağıq.”
Mövzunun müzakirəsində Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Bağırova, Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Yeganə Sultanova, Azərbaycan KardioloqlarAssosiasiyası Gənc kardioloqlar işçi qrupunun rəhbəri Samir Əsgərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Nurlana Qaraxanova fiziki aktivliyin insan sağlamlığı üçün vacibliyindən bəhs etdilər və layihənin həyata keçirilməsində İSİM-in rolunu xüsusilə vurğuladılar: “Qeyri-infeksion xəstəliklərin profilaktikasında idman və fiziki aktivlik vacib şərtdir. İSİM-in layihə üçün hədəf auditoriya kimi gəncləri və uşaqları seçməsi gələcəkdə baş verə biləcək bir sıra xəstəliklərin qarşısının daha erkən alınmasına yardım edəcək.”
Layihənin eksperti Tofiq Musayev və İSİM-in əməkdaşı Sevda Qazıyeva İSİM tərəfindən tərtib edilən klinik protokollarda fiziki aktivliyə dair məlumatların yer aldığını, bu klinik protokollar əsasında 15-ə yaxın çap materialının hazırlanacağını diqqətə çatdırdılar. Dəyirmi masada layihə çərçivəsində hazırlanmış, fiziki aktivliyin faydalarını özündə əks etdirən videoçarxın təqdimatı oldu. Bu videoçarxın bir ay ərzində ANS telekanalı ilə yayımının nəzərdə tutulduğu qeyd edildi.
Sonda layihə ərzində fəaliyyəti özündə əks etdirən fotolardan ibarət videoçarx maraqla izlənildi, təkliflər dinlənildi.