12 APRIL 2014
“Fiziki aktiv ol, idmana başla! Həyatına rəng qat və sağlam yaşa!” şüarı altında aktiv həyat tərzinin təbliği məqsədi ilə “Sağlamlığını qoru” mədəni-kütləvi aksiyası keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hər zaman əhalinin sağlamlığının qayğısına qalaraq ictimai səhiyyənin müxtəlif mövzuları istiqamətində maarifləndirmə işləri aparır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.1-ci bəndinə uyğun olaraq əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək məqsədilə 2014-cü il aprelin 12-də Bakının Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına Parkda “Fiziki aktiv ol, idmana başla! Həyatına rəng qat və sağlam yaşa!” şüarı altında “Sağlamlığını qoru” mədəni-kütləvi aksiyası keçirildi.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İSİM, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı tərəfindən keçirilən və “6 aprel – Ümumdünya Fiziki aktivlik Günü”nə həsr olunan aksiya əhalinin böyük marağına səbəb oldu.
Fləş-mobla başlayan aksiyanın rəsmi açılışını Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Bağırova edərək aksiyanın keçirilməsinin məqsədlərini və əhəmiyyətini nəzərə çatdırdı.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva əhalinin sağlamlığının qorunması naminə İSİM-in fəaliyyəti, o cümlədən sağlam həyat tərzinin, idmanın və fiziki aktivliyin təbliği məqsədilə gördüyü işlər barədə məlumat verdi: “Artıq neçə müddətdir ki, bizim Mərkəz ictimaiyyət arasında idmanın və sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində müxtəlif dövlət qurumları ilə birgə olduqca maraqlı aksiyalara imza atıb. Bu günkü aksiya da buna bariz nümunədir.”
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov də öz növbələrində çıxış edərək aksiyanın əhalinin sağlam həyat tərzini seçməsinə verəcəyi töhfələrdən bəhs etdilər. Rəsmi açılışdan sonra şən, təhlükəsiz, inklüziv estafetlər (kisələrlə tarazlıq, vitamin, futbol, hokkey, tennis və basketbol) və ailələrin (ata, ana və uşaq) yarışları keçirildi, orta məktəb şagirdləri ilə yanaşı, sağlamlıq imkanları məhdud olan uşaqların da aktiv iştirak etdikləri fiziki aktivliklə bağlı bir sıra müsabiqələr təşkil olundu. Mədəni-kütləvi aksiyada Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə layihəsi olan “Çempion” idman və əyləncəli teleoyunun ailələr arasında nəzərdə tutulmuş yarışması da baş tutdu. Atletika, Gimnastika, Qlıncoynatma və Qayayadırmanma Federasiyalarının məşqçi və idmançıları, həmçinin Binəqədi rayonu “Vətən” sosial futbol məktəbi nəzdində fəaliyyət göstərən Real Madrid Fondunun sosial futbol məktəbinin nümayəndələri nümunəvi çıxışlar etdilər, Binəqədi rayon Yaradıcılıq Mərkəzinin gənc rəssamları isə öz müəllimləri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin dəstəyi ilə “Fiziki aktivlik” mövzusunda rəsm müsabiqəsində iştirak etdilər. Bədii-musiqili hissədə populyar müğənnilərin, Azərbaycan Gimnastika Federasiyasının akrobatlarının nümunəvi çıxışları maraqla qarşılandı.
Sonda ailə yarışmasının, bütün məktəblilərin, o cümlədən Sumqayıt Xüsusi Tipli İnternat məktəbinin şagirdlərinin yarışının və rəsm müsabiqəsinin qalibləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrindən ibarət könüllüləri sertifikat və medallarla təltif olundular, 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar. Mədəni-kütləvi aksiya çərçivəsində əhaliyə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış fiziki aktivliklə bağlı maarifləndirilmə materialları: stolüstü təqvim, bloknot, qələm və bukletlər paylanıldı.