İSİM-də Ümumdünya autizm günü ilə əlaqədar “Autizm spektr xəstəlikləri” mövzusunda dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

2 APRIL 2014

İSİM-də Ümumdünya autizm günü ilə əlaqədar “Autizm spektr xəstəlikləri” mövzusunda dəyirmi masa keçirildi

Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edən və erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sahəsində problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik pozuntudur. Anadangəlmə olan autizmin səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində problem olduğu deyilir. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir.

2 aprel – Ümumdünya autizm günüdür. Autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək məqsədi daşıyan bu gündə beynəlxalq ictimaiyyət diqqəti milyonlarla insana zərər vurmuş autizm və bu kimi digər inkişaf pozuntularına yönəldir. Beynəlxalq ictimaiyyətin diqqəti stiqma, məlumat çatışmazlığı və qənaətbəxş olmayan dəstək strukturu kimi problemlərin aradan qaldırılması üçün əsasdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qəbul etdiyi qətnamə üzv dövlətləri və digərlərini tədqiqatlarını gücləndirməyə və onların səhiyyə, təhsil, əmək məşğuliyyəti sahələrində xidmətlərini genişləndirməyə çağırır. Ümumdünya autizm günündə keçirilən tədbirlər erkən müdaxilənin autizm əlamətləri olan insanlara qabiliyyətlərini artırmağa, daha inkluziv cəmiyyətin yaradılmasına, zərər çəkmiş insanların istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır.

Ölkəmizdə bu gündən etibarən Ümumdünya autizm günü ilə bağlı silsilə maarifləndirmə tədbirlərinə start verildi. 2014-cü il aprelin 2-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İSİM, “Sosial Xidmətlər Təşəbbüsü” təşkilatı, Birgə və Sağlam İctimai Birliyinin təşkilatçılığı ilə Ümumdünya autizm günü ilə əlaqədar “Autizm spektr xəstəlikləri” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbiri giriş sözü ilə İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva açaraq dəyirmi masanın keçirilməsi məqsədləri və autizm ilə bağlı Azərbaycanda ilk dəfə çap olunmuş vəsaitlə bağlı məlumat verdi: “Bu kitab İSİM və “Sosial Xidmətlər Təşəbbüsü” təşkilatı tərəfindən hazırlanıb və çap edilib, yaxın vaxtlarda aidiyyəti təşkilatlara paylanılacaq.”

Daha sonra “Medistyle” Psixonevroloji Sağlamlıq Mərkəzinin psixiatrı İkram Rüstəmov məruzə etdi. Məruzədə autizm spektr pozğunluğu (ASP) anlayışı, klinik göstəriciləri, genetik və çevrə amilləri barədə geniş məlumat verildi. ASP-nin növləri, rastlanma sıxlığından bəhs edən psixiatr klassik autizm, Rett sindromu, Uşaqlıq dezinteqartiv pozğunluğu, Asperger sindromu və geniş yayılmış inkişaf pozğunluğuna (PDD-NOS) da aydınlıq gətirdi. İştirakçıların nəzərinə o cümlədən autizmə bənzər digər pozğunluqlar, X-fragile, Reaktiv bağlanma pozğunluğu, Angelman sindromu ilə bağlı maraqlı məlumatlar çatdırıldı. Məruzənin sonunda autizmdə erkən diaqnostikanın önəm daşıdığı bildirildi.

Dəyirmi masa çərçivəsində iştirakçılara əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə autizm ilə bağlı İSİM və “Sosial Xidmətlər Təşəbbüsü” təşkilatı tərəfindən hazırlanmış və çap edilmiş kitab və vərəqə paylanıldı.