“Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa Konfransında Azərbaycan da iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

29 MARCH 2014

“Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa Konfransında Azərbaycan da iştirak etdi

2014-cü il martın 26-29-da Türkiyənin İstanbul şəhərində “Onkoloji xəstəliklərin Tədqiqatı və Nəzarəti üzrə Türkiyə Assosiasiyası”nın “Tütün və Sağlamlıq Milli Koalisiya”sı ilə əməkdaşlığı, “Avropa Onkoloji Liqalar Assosiasiyası”nın dəstəyi ilə “Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa Konfransı keçirildi.

3 ildən bir və 50-dən çox ölkədən yüzlərlə təşkilatçının, rəhbərin, elmi işçinin, səhiyyə təlimatçısının, təşviqatçının və tütünə nəzarət üzrə səhiyyə peşəkarının, alimin, səhiyyə işçisinin, ictimai xadimin və qeyri-hökumət təşkilatı nümayəndəsinin iştirakı ilə keçirilən tütünə nəzarət üzrə beynəlxalq konfransda bu il Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi. “Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa Konfransı tütünçəkmənin qarşısının alınması, bu vərdişdən imtina, tütün məhsullarının tənzimlənməsi, zərərin azaldılması strategiyaları və Tütünə qarşı Mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası məsələlərini də əhatə edirdi.

“Tütünsüz Avropa və dünyaya doğru” şüarı ilə keçirilən konfransda Avropada tütünə nəzarət təcrübəsinə nəzər yetirildi, tütünlə mübarizədə nailiyyətlər və problemlər sadalandı. Eləcə də tütün tüstüsündən azad ictimai yerlər barədə qanunvericiliyin onilliyi və növbəti addımlardan, tütün məmulatlarının marketinqinin vəziyyəti, problemə qarşı cavab tədbirləri, tütünün zərərləri ilə siyasi, hüquqi və elmi çərçivədə mübarizə yollarından söhbət açıldı. Konfrans ərzində tütün məmulatlarının qablaşdırılması, sağlamlığa dair xəbərdarlıqlar, tütün məmulatlarının satışına dair məhdudiyyətlər, tütün məhsullarına qoyulan vergilərə dair maliyyə nazirliklərinin yanaşması barədə təqdimatlar oldu.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevin “Azərbaycanda gənclərin tütündən istifadəsi” mövzusunda poster təqdimatı maraqla qarşılandı. Avropada təşviqat və media kampaniyalarının səmərəliliyi, Çərçivə Konvensiyasında Maddə 5.3-ün həyata keçirilməsi və tətbiqi, tütünçəkmədən imtinaya dair proqramlar, rəhbər prinsiplər və dəstəyə dair dəyirmi masada bir sıra suallara aydınlıq gətirildi. Ölkə nümayəndələri bilik və təcrübə mübadiləsi apararaq tütünə nəzarətin səmərəliliyinin artırılması yollarını müzakirə etdilər.

Beləliklə, konfrans vahid platformaya əsaslanaraq tütünə nəzarət mütəxəssisləri, tədqiqatçılar, siyasətçilər, təşviqatçılar və digər həmkarlar üçün görüşmək, bilik və bacarıqları təkmilləşdirmək və tütünə nəzarət üzrə ən uğurlu təcrübələri bölüşdürmək üçün imkan yaratdı. Konfrans öz fəaliyyətləri və şəbəkə sessiyaları vasitəsilə yerli və regional əməkdaşlığın yaradılmasında, cəlb olunmasında və dəstəklənməsində yardımçı rolunu yerinə yetirdi. Konfransda iştirak ölkə nümayəndələrinə tütünün zərərli təsirlərindən azad Avropanı yaratmaq üçün düşüncələrin daha da təkmilləşdirmələrinə kömək etdi. Konfrans Avropa və qlobal səviyyədə tütünə nəzarət işinə kömək etmək məqsədilə bütün fəaliyyətlərə təkan verəcək.