24 mart – Ümumdünya Vərəmlə Mübarizə Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

19 MARCH 2014

24 mart – Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Vərəm – vərəm mikobakteriyaları ilə törədilən, vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlikdir. Vərəm insanın müxtəlif orqan və toxumalarını zədələyə bilər. Ağciyər vərəminə daha çox rast gəlinir.

Vərəmlə yoluxma öskürdükdə, asqırdıqda və söhbət etdikdə vərəm mikobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda, havada mikobakteriyaların yüksək konsentrasiyası olduqda, immunitet zəiflədikdə baş verə bilər.

Vərəm 15-44 yaşlı qadınlar arasında üç əsas ölüm səbəbindən biridir. Vərəmdən ölüm hallarının 95%-dən çoxu aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə baş verir və bu xəstəlikdən daha çox əhalinin yoxsul və zəif təbəqəsi əziyyət çəkir. Amma bununla bərabər, vərəmlə hər bir insan hava-damcı yolu ilə yoluxa bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, vərəm xəstələrinin sayı ildən-ilə azalır. Hazırda “Vərəmlə mübarizə” üzrə Qlobal Hesabatdakı yeni məlumatlar da 1990-cı illə müqayisədə vərəmdən ölüm hallarının 40%-ə qədər azaldığını göstərir. Vərəmlə mübarizədə yeni alətlərin tətbiqi bu xəstəliyə qarşı cavab tədbirlərinin görülməsinə yardım edir.

Vərəmin müalicəsi və profilaktikası istiqamətində yeniliklərə nail olmaq məqsədilə hər il martın 24-ü ÜST və Vərəmlə Dünya Mübarizə Birliyinin təşəbbüsü ilə Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Bu gündə vərəmdən əziyyət çəkənlər və onların yaşadığı cəmiyyət, vətəndaş cəmiyyəti təşkilatları, tibbi yardım işçiləri və digər tərəfdaşlar vərəmin qarşısını almaq məqsədilə müzakirə və gələcək əməkdaşlığın planlaşdırılması, bu istiqamətdə təbliğat işinin aparılması və müxtəlif tədbirlərin keçirilməsi üçün imkan əldə edirlər. Dünyada minlərlə insanın diqqəti vərəm probleminə yönəldilir, əhali qlobal vərəm epidemiyası ilə əlaqədar məlumatlandırılır, vərəmin profilaktikası, müalicəsi məqsədilə bir sıra tədbirlər keçirilir, vərəmlə mübarizədə məlumatlılığın artırılmasına, gələcək inkişafın siyasi və sosial təminatının möhkəmləndirilməsinə imkan yaranır.

Vərəmin müalicəsində və mübarizəsində maliyyə çatışmazlığı mövcuddur. Belə ki, aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə vərəmin müalicəsinə və mübarizəsinə 2013-2015-ci illər ərzində hər il 8 milyard ABŞ dolları lazımdır. Hazırda ÜST vərəmin yayılması və vərəmdən ölüm hadisələrinin 2015-ci ilə qədər iki dəfə azaldılması istiqamətində bir sıra işlər aparır.

Ümumdünya Vərəmlə Mübarizə Günündə Azərbaycanda da vərəmlə mübarizə yönündə profilaktik tədbirlər görülür. Səhiyyə Nazirliyi tərəfindən vərəm əleyhinə dərman preparatları alınır, tibb mütəxəssisləri və KİV nümayəndələri üçün mütəmadi olaraq təkmilləşdirmə təlimləri, brifinqlər keçirilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən fəaliyyət çərçivəsində vərəm xəstələrinin aşkarlanması, ağciyər vərəminin kimyəvi terapiyası üzrə sübutlu təbabətə əsaslanmış klinik protokollar hazırlanıb. Eyni zamanda vərəmin profilaktikasına dair “Vərəm haqqında 10 fakt” bukleti, “Vərəm haqqında 5 mif” vərəqəsi, “Vərəm və ondan qorunma yolları” kitabçası və digər maarifləndirici materiallar çap olunub və aidiyyəti müəssisələrə paylanılıb.