İSİM-də İnsan hüquqları (Bioetika, Tibbi hüquq) mövzusunda təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

30 JANUARY 2014

İSİM-də İnsan hüquqları (Bioetika, Tibbi hüquq) mövzusunda təlim keçirildi

2014-cü il yanvarın 29-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən İnsan hüquqları (Bioetika, Tibbi hüquq) mövzusunda təlim keçirildi.

Mərkəzin tibb heyəti, hüquqşünas və digər əməkdaşları üçün nəzərdə tutulmuş təlimi giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov təlimin məqsəd və vəzifələrini diqqətə çatdırdı: “Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı mövcuddur. Bu Proqramda İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin yaradılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Hazırkı təlim insan hüquqları istiqamətində maarifləndirmənin aparılması məqsədilə təşkil olunub.”

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktor müavini Lalə Əhmədova təlimin əsasən bioetika və tibbi hüquq mövzularını əhatə edəcəyini, gələcəkdə isə İSİM tərəfindən təkliflər əsasında ictimai səhiyyənin digər maraqlı mövzuları üzrə mühazirələrin keçiriləcəyini bildirdi.

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Bioetika və tibbi hüquq kafedrasının elmi işçisi Aidə Bəndəliyeva “Bioetika və cəmiyyət” mövzusunda təqdimat etdi. Təqdimatda bioetikanın tarixinə, dörd fundamental prinsipinə, fəaliyyət sahələrinə, məlumatlı razılıq, sağlamlıq hüquqlarının qorunması, həkim-pasiyent münasibətinin tənzimlənməsi məsələlərinə toxundu.

“Sağlamlıq hüququ, Genetik modifikasiya edilmiş məhsullar və onların hüquqi tənzimlənməsi” mövzusunda AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Bioetika və tibbi hüquq kafedrasının elmi işçisi İsmət Əhmədov məruzə etdi. Genetik modifikasiya edilmiş məhsulların üstünlükləri və zərərli xüsusiyyətlərindən bəhs edilən təqdimatın sonunda mövzu ilə əlaqədar qısametrajlı film nümayiş olundu.

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun nümayəndələrinə minnətdarlığını bildirən İSİM-in direktoru Ceyhun Məmmədov hələ 2007-2008-ci illərdə ictimai səhiyyə üzrə kadrların hazırlanması prosesində İSİM-in bioetika problemi ilə bağlı məşğul olduğunu, 2013-cü ildə “Məlumatlı razılığın etik və hüquqi aspektləri” mövzusunda seminarın və tibb işçiləri üçün etik davranış qaydaları üzrə təlimçilər üçün təlimin keçirildiyini, hazırda Səhiyyə Nazirliyi və İSİM olaraq, bioetika sahəsində fəaliyyətin aparıldığını vurğuladı: “İSİM tərəfindən Tibb işçilərinin davranışlarının etik normaları ilə bağlı sənəd hazırlanıb. Məlumatlı razılıqla bağlı sənəd isə bu günlərdə təsdiq olunmaq üçün Səhiyyə Nazirliyinə təqdim olunacaq.”

Gələcəkdə bioetika komitələrinin yaradılmasının rolundan bəhs edən direktor bu komitələrin etik məsələləri həll etmək üçün yardım göstərməsi üçün aparıcı institutlarda təsis edilməsinin vacibliyini önə çəkdi.

Təlim suallar əsasında müzakirələrlə yekunlaşdırıldı.