23 DECEMBER 2013
Azərbaycanda Tütünlə Mübarizə üzrə III Milli Konfrans keçirildi
2013-cü il dekabrın 23-də “Hyatt Regency” mehmanxanasının “Bakı” zalında Tütünlə Mübarizə üzrə III Milli Konfrans keçirildi. AR Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının təşkilatçılığı ilə baş tutan Konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları, o cümlədən direktor Ceyhun Məmmədov iştirak etdi.
“Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Ramiz Əliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev Konfransı giriş sözü ilə açaraq məqsəd və vəzifələri diqqətə çatdırdılar.
Konfrans çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, Azərbaycanda tütünlə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, “Tütünə qarşı mübarizə üzrə” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası: Tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar və fikir mübadiləsi oldu.
İSİM-in direktoru Ceyhun Məmmədov ilk növbədə 2011-ci ildə uğurla aparılmış Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatından və Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Azərbaycan Respublikasının Milli Strategiyası layihəsinin hazırlanmasından bəhs etdi.
Direktor 2012-ci il noyabrın 12-17-də Koreya Respublikasının paytaxtı Seulda “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 5-ci sessiyasında Çərçivə Konvensiyasının 140-dan çox Tərəf ölkəsinin nümayəndələri tərəfindən Konvensiyanın “Tütün məmulatlarının qeyri-qanuni ticarəti” barədə 15-ci Maddəsinə əsaslanan “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin ləğv edilməsi haqqında” Protokolunun təsdiq olunduğu barədə məlumat verdi. Həmçinin 2013-cü il dekabrın 3-4-də Türkmənistanın Aşqabad şəhərində keçirilmiş Səhiyyə siyasəti vəziyyəti – 2020 kontekstində Aşqabad deklarasiyasının yekdilliklə qəbul olunub imzalandığını, tütünə qarşı mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasının reallaşdırılmasında qüvvələrin fəallaşdırılması və 2040-cı ilə kimi Avropanın tamamilə tütün tüstüsündən azad məkana çevrilməsi üçün daha cəsarətli məqsədlər, vəzifələr və qarşıya çıxa biləcək maneələrin həlli yollarının müzakirə edildiyini nəzərə çatdırdı.
Tütünlə mübarizədə klinik protokolların önəmini vurğulayan C.Məmmədov İSİM tərəfindən ilkin səhiyyə xidmətləri səviyyəsində fəaliyyət göstərən həkimlər üçün nəzərdə tutulan Tütünçəkmədən imtina etmə üzrə klinik protokolun hazırlanıb çap edildiyini və fəaliyyətin davam etdirildiyini bildirdi.
C.Məmmədov çıxışını “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına nəzər salmaqla tamamladı: “Konsepsiyada əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrdən biri dövlət tərəfindən sosial xəstəliklərə, eləcə də tütünçəkməyə qarşı mübarizənin müxtəlif dövlət proqramları vasitəsilə həyata keçirilməsi vurğulanır. Konsepsiyada tütünçəkmə, piylənmə, fiziki fəallığın olmaması, spirtli içkilərdən sui-istifadə və s. amillər səbəbindən yaranan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən xüsusi Strategiyanın qəbul ediləcəyi mühüm vəzifə kimi qeyd edilir.”