İSİM-in nümayəndələri ÜST və Cons Hopkins Universitetinin Türkiyədə keçirilən Tütünə qarşı mübarizə üzrə liderlik proqramında iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

4 NOVEMBER 2013

İSİM-in nümayəndələri ÜST və Cons Hopkins Universitetinin Türkiyədə keçirilən Tütünə qarşı mübarizə üzrə liderlik proqramında iştirak etdilər

2013-cü il noyabrın 4-8-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu və Cons Hopkins Universiteti yanında Blumberq ictimai səhiyyə məktəbinin təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində Tütünə qarşı mübarizə üzrə liderlik proqramı təşkil olundu. Hökumət və vətəndaş cəmiyyətinin nümayəndələrinin birləşdiyi tütünə qarşı mübarizə üzrə liderlər komandasının hazırlanmasında məqsəd tütünlə mübarizənin daha fəal şəkildə aparılmasıdır. Son illər Cons Hopkins Universiteti yanında Blumberq ictimai səhiyyə məktəbinin yay Proqramında iştirak edən ölkə nümayəndələri analoji proqramın konkret regionlarda keçirilməsinin vacibliyini vurğulayırdılar. Bu təklifi nəzərə alaraq, Blumberq təşəbbüskarları tərəfindən tütünün istehlakını azaltmaq üçün ayrıca proqramların maliyyələşdirilməsinə razılıq verilib. Beləliklə, ÜST və Cons Hopkins Universitetinin Türkiyədə keçirilən Tütünə qarşı mübarizə üzrə liderlik proqramının təşkili planlaşdırılıb.

Proqramda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdilər. Bu proqram tütünə qarşı mübarizə üzrə Cons Hopkins Universitetinin yanında Blumberq ictimai səhiyyə məktəbinin ABŞ-ın Merilend ştatının Baltimor şəhərində təşkil etdiyi illik Liderlik proqramı nümunəsi əsasında hazırlanıb. Bu proqram tütünlə mübarizədə effektiv strategiyanın işlənilməsi üzrə potensialın artırılmasına və tütünə qarşı mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasına müvafiq olaraq reallaşdırılmasına yönəlib. Proqram tütünə nəzarət, səhiyyə siyasəti, təbliğat, kommunikasiya, qiymətləndirmə, idarəetmə və liderliyi özündə birləşdirir.

Tütünlə mübarizə, kommunikasiya, araşdırma, epidemioloji nəzarət sahəsinin regional və beynəlxalq mütəxəssislərinin tədris etdiyi proqramda iştirakçılara tütünlə mübarizədə planlaşdırma bacarıqlarının möhkəmləndirilməsi, reallaşdırılması, monitorinq və qiymətləndirmənin aparılması, informasiyanın çatdırılması və təbliğat istiqamətində biliklər aşılandı. Proqram çərçivəsində tütünə qarşı mübarizə üzrə liderliyin prinsiplərindən bəhs edildi, problemlərin həlli üçün tütünlə mübarizədə ölkə təcrübələrinə nəzər salındı. Tütünlə mübarizə sahəsində ölkələrdə vəziyyətin təhlili, mövcud çətinliklər, ictimai səhiyyə sahəsində liderlik baxımından tütünlə mübarizədə regional təcrübənin öyrənilməsi, problemlərin həllində liderlik tipinin müəyyənləşdirilməsi, tütünlə mübarizədə qanunvericiliklə bağlı fikir mübadiləsi aparıldı.

Tütün reklamına qadağanın qoyulması, tütünün satışının stimullaşdırılması, tütün qablaşdırmalarında sağlamlıq üçün ziyan barədə xəbərdarlıq yazılarının verilməsi, hədəf auditoriyanın seçilməsi və KİV-lə əlaqənin qurulmasında ölkə təcrübələri dinlənildi. İştirakçılar jurnalist və siyasətçilərlə ünsiyyətdə oldular və tütünə nəzarət istiqamətində ictimaiyyətin məlumatlandırılması məsələlərinə diqqət etdilər.

Qrup işlərində ölkə nümayəndələri tütünlə mübarizədə təmsil etdikləri ölkələrin nail olmaq istədikləri məqsədləri və tütün tüstüsündən azad ətraf mühitin yaradılması üçün atılan addımları müzakirə etdilər. Həmçinin tütündən imtinaya dair hədəfə çatmaq üçün həyata keçirilməsi vacib vəzifələr və liderlər üçün kommunikasiya planı işlənildi.

Proqram çərçivəsində iştirakçılar İstanbulun cavabdeh məsul şəxslərilə birgə tütünlə mübarizədə iştirak edən və tütündən azad olmaq istəyənlərə yardım edən qurum, təşkilat və mütəxəssislərlə görüşdülər, tütünçəkmənin qadağan olunduğu ictimai yerlərə səfər edərək tütünə qarşı mübarizədə Türkiyənin təcrübəsi ilə tanış oldular. Sonda ölkə nümayəndələri gələcəkdə əməkdaşlıq çərçivəsində davamlı işlərin görülməsi üçün məqsədləri müəyyənləşdirdilər.