10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

10 OCTOBER 2013

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir.

ÜST-nin hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu Gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür. Bu il Ümumdünya Psixi Sağlamlıq Günü diqqəti yaşlı insanlara yönəldir, bu problemlər barədə məlumatlılığı artırmaq və problemlərin öhdəsindən gəlmək imkanını təklif edir.

BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Psixi Sağlamlıq Günü ilə bağlı müraciətində deyir: “… bir çox insanlar xoşbəxt qocalıq dövrü yaşamaq istəsələr də, yaşı 60 və daha artıq olanların beşdə bir hissəsindən çoxu qazanılmış əqli zəiflik və depressiya kimi psixi və nevroloji xəstəliklərlə üzləşir.

Səhiyyə işçiləri və yaşlı insanların özləri çox vaxt psixi sağlamlıq problemlərini etiraf etmirlər. Daha pisi də odur ki, insanlar psixi xəstəliklərindən utandıqları üçün çox vaxt yardım istəməyə tərəddüd edirlər. Yaşlı insanlar həmçinin fiziki laqeydliyə və hörmətsiz münasibətə – təhqiramiz yanaşmaya məruz qalırlar ki, bunun özü də psixi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilir.

Biz irəliyə doğru addımlar atırıq. Belə ki, may ayında Ümumdünya Səhiyyə Assambleyası 2020-ci ilədək davam edəcək “Psixi sağlamlığa dair tam Tədbirlər Planı”nı qəbul edib. Həmin planda qeyd edilir ki, psixi sağlamlıq problemlərinə effektiv cavab məqsədilə sosial xidmətlər və səhiyyə xidmətləri bir araya gətirilməlidir. Plan həmçinin həyatın bütün mərhələlərində – körpəlikdən başlayaraq, uşaqlıq, gənclik, yaşlılıq və ahıllıq dövrlərinin hamısında sağlamlıqla bağlı və sosial ehtiyacları diqqətə almağa çağırır.

Ümumdünya Psixi Sağlamlıq Günündə hamını psixi xəstəlik problemləri yaşayan bütün insanlar, xüsusilə, yaşlı və xüsusi qayğıya ehtiyacı olan şəxslər naminə bu Tədbirlər Planını həyata keçirmək üçün daha böyük səylər göstərməyə çağırıram.”

İctimai səhiyyənin vacib vəzifələrindən biri olan psixi sağlamlığın qorunması istiqamətində Azərbaycanda müxtəlif tədbirlər keçirilir və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bu tədbirlərdə həm təşkilatçı, həm də iştirakçı qismində çıxış edir və layihələr həyata keçirir.

Ümumdünya Psixi Sağlamlıq Günü çərçivəsində 2013-cü il oktyabrın 10-da Psixi Sağlamlıq Mərkəzində konfrans keçirilib. Yerli və beynəlxalq təşkilatların mütəxəssislərinin iştirak etdiyi konfransda İSİM-i Mərkəzin Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov təmsil edib. Psixi pozğunluqdan əziyyət çəkənlərin lazımi müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırışı ifadə edən konfransda Psixi sağlamlıq sahəsində aktual problemlər, məqsədlər, perspektivlər və Azərbaycanda psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması məsələlərindən söhbət açılıb. T.Hüseynov “İctimai Səhiyyə və İslahatlar Mərkəzinin psixi sağlamlıq sahəsində fəaliyyəti” mövzusunda təqdimat edərək İSİM tərəfindən keçirilən layihə və tədbirlərdən bəhs edib.