2 OCTOBER 2013
İSİM ictimai səhiyyənin müxtəlif mövzuları üzrə məktəblərdə növbəti təqdimatlara başlayır
İctimai səhiyyənin sağlam həyat tərzi, tütünçəkmə, piylənmə, məişət zorakılığı və s. mövzuları üzrə orta və ali təhsil müəssisələrində təqdimatların edilməsi də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) fəaliyyət planına daxildir. Bu istiqamətdə növbəti təqdimatlara 2013-cü il oktyabrın 2-si – Beynəlxalq Qeyri-zorakılıq günündə başlanıldı. Belə ki, İSİM-lə Təhsil Nazirliyinin əməkdaşlığı sayəsində “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə 152 saylı orta məktəbdə “Məişət zorakılığı” mövzusunda təqdimat edildi. Ümumiyyətlə, BMT-nin Baş Assambleyasının 2007-ci il iyunun 15-də qəbul etdiyi qərarla qeyd olunan 2 oktyabr – Beynəlxalq Qeyri-zorakılıq gününün keçirilməsində məqsəd sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətinin təsdiq edilməsidir.
Şagirdləri salamlayaraq təqdimatın mövzusunu nəzərə çatdıran İSİM-in Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin hüquqşünası Nərgiz Müslümzadə zorakılığın növlərindən, məişət zorakılığı ilə hüquqi müstəvidə mübarizə aparılmasından söz açdı. Təqdimatın sonunda qadın zorakılığını özündə əks etdirən və tərbiyəvi əhəmiyyət kəsb edən qısametrajlı film göstərildi. Maraqla qarşılanan təqdimat barədə şagirdlər təəssüratlarını bölüşdülər.
Ceyhun Əliyev (10-cu sinif şagirdi): “Təqdimat çox maraqlı keçdi. Xüsusilə film məni cəlb etdi. Filmdə qadın zorakılığı və bu zorakılığın qarşısının alınmasında psixoloji amil daha qabarıq göstərilir.”
Şagirdləri maraqlandıran suallar cavablandırıldıqdan sonra onlara İSİM tərəfindən hazırlanıb çap edilmiş “İşgəncə” bukleti paylanıldı.
Dünyada, o cümlədən Azərbaycanda mütəmadi olaraq, zorakılıqla mübarizə tədbirləri aparılır. İctimaiyyətin mövzu ilə bağlı maarifləndirilməsi, təbliğat və təşviqat kampaniyalarının aparılması birbaşa zorakılıq hallarının qarşısının alınmasına yönəldilib. Bu mənada İSİM də xüsusi fəallığı ilə seçilir, mövzu üzrə fərdi tövsiyələr, metodik vəsait və digər maarifləndirici nəşrlər hazırlayıb çap edir. Hazırda “Uşaq zorakılığı” mövzusunda maarifləndirici buklet üzərində işlənilir.
“Məişət zorakılığı” mövzusunda növbəti təqdimatların Bakının 10-dan artıq məktəbində keçirilməsi nəzərdə tutulur.