14 JULY 2013
“Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” proqramı çərçivəsində İSİM-də görüşlər keçirildi
“Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” proqramı çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən görüşlər Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün görülən tədbirlərin daha da yaxşılaşdırılmasına, uşaqlar arasında xəstələnmə və ölüm hadisələrinin azaldılmasına, uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilib.
UDXBA tibb müəssisələrində və icmalarda yerinə yetirilən müdaxilə proqramlarından ibarət geniş strategiyadır. Strategiyada 5 yaşadək uşaqlar arasında xəstələnmə və ölüm hadisələri ilə bağlı vəziyyət, strategiyanın ölkədə başlanğıc və erkən tətbiqi, əsas komponentləri, ölkədə geniş tətbiqinin məqsədləri, onun həyata keçirilməsi üçün vəzifələr və fəaliyyətlər açıqlanıb. Strategiya tibb işçilərinin bilik və bacarıqlarının artırılması, UDXBA-nın yerinə yetirilməsi üçün səhiyyə sisteminin yaxşılaşdırılması və uşaqların sağlamlığı və inkişafı ilə əlaqədar ailə və icmalarda uşaqlara qulluqla bağlı təcrübənin yaxşılaşdırılması komponentlərindən ibarətdir.
2013-cü il iyulun 9-11-də “Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” proqramı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq sağlamlığı üzrə iki eksperti – ÜST-nin Avropa Regional Bürosunun koordinatoru Aygül Kuttumuratova və məsləhətçisi Corcio Tamburlininin Azərbaycana gəlişi əsnasında mövcud vəziyyəti təhlil etmək məqsədilə İctimai Səhiyyə və İslahatlrar Mərkəzində görüşlər keçirildi.
Beynəlxalq ekspertlər proqram əsasında özündə 5 yaşa qədər uşaqların müalicə və profilaktikası ilə bağlı addımları birləşdirən paketin hazırlanmasını tövsiyə etdilər. Eləcə də uşaqların skrininqi, onların düzgün inkişafının təmin edilməsinə dair valideynlər və tibb işçiləri üçün metodik proqramların hazırlanması təklifi verildi.