14 iyun – Ümumdünya Qan Donoru Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

14 JUNE 2013

14 iyun – Ümumdünya Qan Donoru Günüdür

Hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib. “Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən bu ilki kampaniyanın məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.

Kifayət qədər təhlükəsiz qan ehtiyatının yaradılması hər bir ölkənin səhiyyə sahəsində milli siyasətin ayrılmaz hissəsi olmalıdır. Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ““2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) qan donorluğunun inkişafı istiqamətində bir sıra beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə mütəmadi görüşlər və təlimlər keçirir, eyni zamanda maarifləndirici bukletlər, plakatlar, kitabçalar hazırlayır. Qan donorluğu ilə bağlı İSİM tərəfindən əhalinin maarifləndirilməsi üçün “Qan ver, Həyat bəxş et!” adlı plakat hazırlanıb və çap edilib. Bu plakatda qeyd olunmuş “907” qaynar xətt nömrəsinə donor olmaq istəyən hər bir kəs müraciət edə bilər. Həmçinin 2013-cü il “14 iyun – Ümumdünya Qan Donoru Günü” ərəfəsində “Kim Qan Donoru ola bilər? Bunları bilmək vacibdir!” adlı buklet, “Qan ver, həyat bəxş et!” adlı plakat və vərəqə hazırlanıb çap edilib və aidiyyəti müəssisələrə paylanılıb.

Qan donorluğunun inkişafı istiqamətində görülən tədbirlərin davamı kimi, İSİM və 215KL studiyasının birgə əməkdaşlığı sayəsində “Qan ver həyat bəxş et! – 1” adlı videoçarx çəkilib və televiziya kanallarında yayımlanıb. 14 iyun – Ümumdünya Qan Donoru günü ərəfəsində əhalinin diqqətini qan donorluğuna cəlb etmək məqsədilə hazırlanmış “Qan ver həyat bəxş et! – 2” adlı videoçarxın da televiziya kanallarında yayımlanması nəzərdə tutulub.