10 MARCH 2010
Növbəti təşkilatlararası iclas keçirildi
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə beynəlxalq təşkilatların nümayəndələri və Səhiyyə Nazirliyinin milli koordinatlar arasında növbəti iclas mart ayının 10-da keçirildi.
İclas qısa aylıq hesabatlardan və təqdimatdan ibarət idi. İclasda İSİM-in rəhbərliyi ilə bərabər Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən Engender Health, ADRA, UNİCEF, Açıq Cəmiyyət İnstitutu, Qlobal Fond, Vişnevskaya-Rastropoviç Fondu, Abt. Associates, UNODC, Oxfam, UAFA-nın nümayəndələri, eləcə də ailə həkimi adlı internet səhifəsinin baş redaktoru və Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev iştirak etdi.
İlk növbədə iştirakçılar fevral ayı ərzində gördükləri işlər, həyata keçirdikləri layihə və tədbirlər ilə bərabər planlaşdırdığı yeni fəaliyyətlər haqqında məlumat verdilər.
İclas UNICEF təşkilatının əməkdaşı Kənan Məmmədlinin “Ümumtəhsil məktəbləri üçün keyfiyyət standartları” haqqında təqdimatı ilə davam etdi. Təqdimat zamanı Kənan Məmmədli hazırda işlədikləri layihənin məqsədlərindən, hansı məqsədlərə xidmət etmə prinsiplərindən, keyfiyyət standartlarından və layihənin həyata keçirilmə taktikalarından və fəaliyyətlərindən söhbət açdı. Kənan Məmmədli həmçinin layihəni pilot kimi 3 rayonda apardıqlarını dedi və layihə uğurlu olacağı təqdirdə 2015-ci ildə bu layihəni Azərbaycanda olan məktəblərin yarısında tətbiq ediləcəyini iştirakçıların nəzərinə çatdırdı və sonda iştirakçıları maraqlandıran sualları cavablandırdı.
İclasın sonunda İSİM rəhbərliyi nümayəndələr üçün maraqlı olan sualları cavablandırdı, növbəti iclasın aprel ayının 14-də keçiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.