30 MAY 2013
İSİM-də “Məlumatlı razılığın etik və hüquqi aspektləri” mövzusunda seminar keçirildi
2013-cü il mayın 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində Azərbaycan Tibb Assosiasiyası ilə birgə “Məlumatlı razılığın etik və hüquqi aspektləri” mövzusunda seminar keçirildi. Seminarın keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2013-cü il üçün İllik İş Planına uyğun olaraq Səhiyyə Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları barədə məlumatların vətəndaşlar arasında təşviq edilməsidir. Seminarda İSİM, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 10 xəstəxana, AbtAssociates və özəl tibb mərkəzlərinin nümayəndələri iştirak etdilər.
Seminar iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov seminarın keçirilməsinin əhəmiyyətindən söz açdı. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətin həmin fəaliyyətə cəlb edilməsi və hesabatlılığın təmin edilməsi istiqamətində müvafiq işlərin aparıldığını, mayın 18-dən etibarən respublikada “İnsan hüquqları aylığının” keçirildiyini vurğulayan direktor seminarın da məhz bu aylıq çərçivəsində təşkil olunduğunu bildirdi. Eləcə də tərəfdaş təşkilatlara birgə fəaliyyətin aparılmasına görə təşəkkür etdi.
İSİM-in baş hüquqşünası Səbuhi Abdullayev Səhiyyə Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları barədə qısa məlumat verdi. Səhiyyə ilə bağlı indiyə kimi 20-yə yaxın qanunun qəbul edildiyini bildirən S.Abdullayev baş səhiyyə qanunu kimi 1997-ci ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan bəhs etdi. Eləcə də bir neçə müddət əvvəl Səhiyyə Nazirliyinin Əsasnaməsinə müəyyən dəyişikliklərin edildiyini, vətəndaşların hüquqlarının pozulması və bu istiqamətdə fəaliyyətin aparılması üçün konkret tədbirlərin görülməsinin müəyyənləşdirildiyini diqqətə çatdırdı.
“Həkimlərin etik davranış qaydaları” mövzusunda İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin hüquqşünası Fidan Rüstəmova məlumat verdi. İlk növbədə normativ-hüquqi sənədlərdən bəhs edən F.Rüstəmova daha sonra tibbdə etik davranışa aydınlıq gətirdi: “Tibbdə etik davranış həkim (səhiyyə işçiləri) və pasiyent arasında yaranan münasibətləri tənzimləyir.” Pasiyent hüquqları, həkim sirri və həkimlərin etik davranış qaydalarından ətraflı söhbət açan məruzəçi diqqəti bu qaydaların tətbiq edilməsinin əsas məqsədinə çəkdi: “Məqsəd səhiyyənin nüfuzunun artırılmasından, səhiyyə müəssisələrinə və həkimlərə ictimai etimadın yüksəldilməsindən, onların fəaliyyətində səmərəliliyin artırılmasından, səhiyyə müəssisələrində korrupsiyanın və həkimlərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasından, həkimlər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsindən, həkimlərin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsindən ibarətdir.” Məruzəçi bioetikanın yeni elm kimi, həkimlə pasiyent arasındakı münasibətləri tənzimlədiyini və qarşıya çıxan problemləri öyrəndiyini vurğuladı.
Azərbaycan Tibb Assosiasiyanın sədri Nəriman Səfərli assosiasiyanın fəaliyyətindən söhbət açdı: “Assosiasiyanın yaradılmasında üç məqsəd vardır: tibb işçilərinin hüquqlarının qorunması; tibb işçilərinin təkmilləşdirilməsi; əhalinin tibbi maarifləndirilməsi”. Daha sonra N.Səfərli “Məlumatlı razılığın etik və hüquqi aspektləri” mövzusunda ətraflı təqdimat etdi.
Təqdimatların sonunda iştirakçıların sualları əsasında müzakirələr aparıldı.