27 MAY 2013
«31 may – Ümumdünya Tütünsüz Günü»nə həsr olunmuş “No Smoking” Film Festivalının açılış gecəsi keçirildi
27 may 2013-cü il “Lake Palace” otelində «31 may – Ümumdünya Tütünsüz Günü»nə həsr olunmuş “No Smoking” Film Festivalının açılış gecəsi keçirildi. Tədbirdə Tütünlə Mübarizə üzrə Milli Koalisiyanın üzvləri olan dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Addım” Yaradıcı Gənclər Assosiasiyasının nümayəndələri, həmçinin ölkənin tanınmış simaları – Flora Kərimova, Füzuli Hüseynov, Fəxriyyə Xələfova, Eldar Qasımov, Ayaz Salayev, Firdovsi Atakişiyev, Elnarə Xəlilova, Elza Seyidcahan, media nümayəndələri, finalçılar və başqaları da iştirak etdilər. İSİM və “Addım” Yaradıcı Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 31 may – Ümumdünya Tütünsüz Günü ilə əlaqədar “No Smoking” Film Festivalının əsas məqsədi diqqəti zərərli vərdişlərdən biri olan tütünçəkmənin əhalinin, xüsusən də gənclərin sağlamlıqlarına mənfi təsir etdiyinə yönəltməkdir.
Tədbiri giriş sözü ilə açan “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təsisçisi, “No smoking” festivalının direktoru Hüseyn Cavadzadə bu cür möhtəşəm festivalın Azərbaycanda ilk dəfə keçirildiyini vurğulayaraq, festivalın proqramında 25 film nəzərdə tutulsada, ümumilikdə 47 film təqdim olunduğunu qeyd etdi. Nəzərə çatdıraq ki, iki mərhələdən ibarət olan proqramda mayın 27-də “Metropark” AVM-də yerləşən “Park Cinema”da əvvəlcə filmlərin baxışı keçirilib və 47 filmdən 15 film final mərhələsinə seçildi.
Assosiasiyasının digər təsisçisi, Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ilin qalibi Eldar Qasımov, siqaretin zərərlərindən, onun insanın səhhətində ciddi ziyan yaratdığını, eyni zamanda ətrafındakılara da zərər vurduğunu qeyd edərək, hər bir kəsi siqaret çəkmə vərdişini tərgitməyə çağırdı.
Daha sonra İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev çıxış edərək, tütünlə mübarizənin nə dərəcədə önəmli olduğunu xüsusilə vurğulayaraq, 31 may Ümumdünya Tütünsüz Gününün qeyd olunması tarixi, ictimaiyyətin diqqətini bu problemə yönəltməsi haqqında qısa məlumat verdi.
Tədbirdə tütün əleyhinə bir sıra çıxışlar dinləndi, Azərbaycanın məşhur rejissor və ssenarist Ayaz Salayevin sözlərinə görə: “Mən 28 il siqaret çəkmişəm və artıq 6 ildi bu zərərli vərdişi tərgitmişəm, düşünürəm ki, bu mənim ən böyük qalibiyyətimdi”.
Gecənin diqqət çəkən məqamlarından biri isə gecə boyu Merilin Monro və Çarli Çaplin personajlarının qonaqların arasında olması oldu.
Final mərhələsinə vəsiqə qazanan filmlərin müəllifləri 31 May – Ümumdünya Tütünsüz Günündə saat 20:00-da “Park Bulvar” AVM-də yerləşən “Park Cinema”da müxtəlif hədiyyələrlə təltif olunacaqlar.