“Yol hərəkəti təhlükəsizliyi həftəsi” çərçivəsində Səhiyyə sektoru üzrə partnyorların koordinasiya qrupunun görüşü keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

7 MAY 2013

“Yol hərəkəti təhlükəsizliyi həftəsi” çərçivəsində Səhiyyə sektoru üzrə partnyorların koordinasiya qrupunun görüşü keçirildi

Yol-nəqliyyat hadisələri nəticəsində dünyada hər il 1,3 milyon insan həyatını itirir, 50 milyona qədər insan xəsarət alır. Yol-nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir, bu da gündə təxminən 1000 nəfər deməkdir.

Yollarda baş verən qəzalar ictimai səhiyyənin problemi olaraq, cəmiyyətin bütün sektorlarına təsir edir. Yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmatizmin iqtisadi nəticələri uzunmüddətli tibbi yardıma yönəldilən xərclərə, işləyən ailə üzvünün ölümünə və əlillik nəticəsində gəlirlərin azalmasına gətirib çıxarır. Proqnozlara görə isə 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən ölüm halları 5-ci yerdə olacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq.

2 mart 2010-cu il tarixində dünya ölkələrinin hökumətləri növbəti on il ərzində yol hərəkəti təhlükəsizliyi sahəsində tədbirlərin fəallaşmasına dair tarixi qərar qəbul edib. BMT-nin Baş Assambleyasının 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması tədbirlərinin onilliyinin elan edilməsinə dair Qətnaməsini 100-dək ölkə dəstəkləyib. 2010-cu ilin noyabrında isə Moskvada yol hərəkəti təhlükəsizliyi üzrə ilk Ümumdünya Nazirlər Konfransı keçirilib və orada Yol Hərəkəti Təhlükəsizliyi üzrə Moskva Deklarasiyası qəbul edilib. Onilliyin keçirilməsi və əlaqələndirilməsi üçün əsas fəaliyyət Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) həvalə edilib.

Problemin miqyasını nəzərə alaraq, ictimaiyyətin diqqətini cəlb etmək üçün BMT 2013-cü il mayın 6-12-də “Yol hərəkəti təhlükəsizliyi həftəsi” keçirir. Tədbirin dünyanın 70 ölkəsində gerçəkləşdirilməsi planlaşdırılıb.

Həftə çərçivəsində Azərbaycanda da müvafiq tədbirlər görülür. Tədbirlər sırasında 2013-cü il mayın 7-də Beynəlxalq Miqrasiya Təşkilatının ölkə ofisinin təşkilatçılığı ilə yol hərəkəti təhlükəsizliyi üzrə Səhiyyə sektoru üzrə partnyorların koordinasiya qrupunun görüşü keçirildi.

Tədbirdə yerli və beynəlxalq təşkilatların nümayəndələri təqdimatlarla çıxış etdilər. “BMT-nin II Qlobal Yol hərəkəti təhlükəsizliyi həftəsi” mövzusunda ÜST-nin Azərbaycan nümayəndəliyinin fövqəladə hallar üzrə hazırlıq və cavab vermə proqramı üzrə mütəxəssisi Samir Mehdiyev, Yol hərəkəti təhlükəsizliyi barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı, Azərbaycanda 2011-2020 illərdə Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin Milli Əlaqələndiricisi Tofiq Musayev və BMT-nin Əlaqələndirmə məsələləri üzrə analitiki İradə Əhmədova məruzə etdilər.