İSİM-də “Rayon monitorinq qrupları: fəaliyyətin icmalı və davamlılıq görüntüləri” mövzusunda görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

5 FEBRUARY 2013

İSİM-də “Rayon monitorinq qrupları: fəaliyyətin icmalı və davamlılıq görüntüləri” mövzusunda görüş keçirildi

2013-cü il fevralın 5-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində “Rayon monitorinq qrupları: fəaliyyətin icmalı və davamlılıq görüntüləri” mövzusunda görüş keçirildi. İSİM və AbtAssociates-in nümayəndələrinin iştirak etdiyi görüşü giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov AbtAssociates-in təşkilatçılığı ilə həyata keçirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi barədə qısa məlumat verdi. Tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində pilot rayonlar üzrə həyata keçirilən monitorinqlərin nəticələri ilə bağlı təqdimatın İSİM-in xüsusən Monitorinq və təhlil şöbəsinin əməkdaşları üçün maraqlı olacağını bildirən direktor Mərkəzin həyata keçirdiyi layihələrdən də bəhs etdi.

Müasir tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və mövcud boşluqların aradan qaldırılması məqsədilə 2011-2012-ci illərdə İSİM tərəfindən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) ilə birgə BMT-nin Uşaq Fondunun (UNICEF) maliyyə dəstəyilə Bakının neonatal qayğı və doğum xidmətlərini göstərən 10 tibb müəssisəsində həyata keçirilən “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi barədə məlumat verən C.Məmmədov layihə nəticəsində ölkədə monitorinqin sistemli aparılması üçün nəticələrin təhlil olunduğunu və metodik tövsiyələrin hazırlanması istiqamətində prosesin davam etdiyini bildirdi.

Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zues layihə çərçivəsində yeddi pilot rayon üzrə aparılan monitorinqlər nəticəsində tibbi xidmət keyfiyyətinin nisbətən yüksəldiyinin müşahidə edildiyini vurğuladı.

Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin sahələr üzrə meneceri Yaşar Qocayev monitorinq nəticələri ilə bağlı təqdimat etdi. Məruzəçi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin davamı kimi həyata keçirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin qısa icmalı, layihənin dörd əsas komponenti haqqında danışdı. Layihə çərçivəsində rayon səhiyyə şöbələrinin rəhbərləri ilə görüşlərin keçirildiyi, işbirliyinin yaradıldığı, rayon monitorinq qruplarının təşkil olunduğu və pilot müəssisələrin seçildiyi nəzərə çatdırıldı. Layihənin ilk mərhələsində rayon monitorinq qrupları üçün İSİM-in də fəal iştirakçısı olduğu dəstəkverici nəzarət üzrə təlimlərin keçirildiyini deyən Y.Qocayev monitorinq qruplarının “Tibb işçisi və pasiyent arasında effektiv ünsiyyət” və başqa mövzularda da təlimatlandırıldığını diqqətə çatdırdı. Məruzəçi mütəmadi olaraq, pilot tibb müəssisələrində 5 qrup indikator üzrə keçirilən monitorinqlər zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə cavab verən alət əsasında qiymətləndirilmənin aparıldığını, monitorinq nəticələrinin müvafiq rayonun tibb ictimaiyyətinə təqdim edildiyini bildirdi: “Monitorinqlərin məqsədi tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq, sübutlu təbabətə əsaslanan klinik protokolların yerlərdə tətbiqi səviyyəsinin öyrənilməsi idi.”

Monitorinqin nəticələri aidiyyəti tibb işçiləri ilə müzakirə olunub, nailiyyətlər və aşkar olunmuş nöqsanlar barədə hesabat tibbi şuraya təqdim olunub. Layihə çərçivəsində hər il rayon monitorinq qrupları ilə görüşlər təşkil olunub, görüşlərdə monitorinqlərin davamlı olmasının və əldə olunmuş təcrübənin digər rayonların tibb kollektivi ilə bölüşdürülməsinin əhəmiyyəti barədə söhbət açılıb.