25 DECEMBER 2012
İSİM-də Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması layihəsi çərçivəsində DƏYİRMİ MASA keçirildi
Minimal İlkin Xidmətlər Paketi (MİXP) fövqəladə halların kritik mərhələsində zərər çəkmiş insanlar arasında reproduktiv sağlamlıqla əlaqədar problemlərin təcili həlli üçün müxtəlif beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb. MİXP-nin məqsədlərinə tammiqyaslı əlaqələndirmə, cinsi zorakılıq hallarına qarşı cavab tədbirləri və onların aradan qaldırılması, yeni doğulmuş uşaqların, anaların xəstələnməsi və ölüm hallarının qarşısının alınması, İİV-ə yoluxmanın azaldılması istiqamətində proqramların həyata keçirilməsi daxildir.
2012-ci il dekabrın 25-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) BMT-nin Əhali Fondunun (UNFPA) maliyyələşdirdiyi, İSİM-in təşkilatçı olduğu Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması layihəsi çərçivəsində DƏYİRMİ MASA keçirildi. Tədbirdə Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Tibb idarəsi, Daxili İşlər Nazirliyinin Tibb idarəsi, Bakı Baş Səhiyyə İdarəsi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, BMT-nin Əhali Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi (UNHCR), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İSİM, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Qadın Krizis Mərkəzi, Gənclərin İnkişafı İctimai Birliyi kimi dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
Dəyirmi masanı giriş sözü ilə açan İSİM-in direktorunun birinci müavini Rauf Məmmədov layihə barədə ümumi məlumat verdi. Fövqəladə hallarda insanların xilas edilməsində xidmət göstərənlərin bilik və təcrübələrini təkmilləşdirmək məqsədilə 2012-ci il noyabrın 13-15-də İSİM-də Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması layihəsi çərçivəsində seminarın keçirildiyini nəzərə çatdırdı. Seminar bu ilin mart ayında BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya Regional Ofisi (UNFPA EECARO) tərəfindən İstanbulda keçirilmiş Humanitar Sahələrdə Reproduktiv Sağlamlıqla əlaqədar Fövqəladə Hallara Hazırlığın İdarə Edilməsi üzrə “təlimçilər üçün təlim” kursunu müvəffəqiyyətlə bitirmiş yerli təlimçilərdən ibarət işçi qrup tərəfindən keçirildi.
2012-ci il noyabrın 20-21-də isə Türkiyənin İstanbul şəhərində BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə Azərbaycan nümayəndələrinin də iştirakı ilə fövqəladə hallara dair Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının ilk regional Forumunun keçirildiyi haqqında məlumat verdi. R. Məmmədov ölkə nümayəndələrinin layihə üzrə hesabatları əsasında 2013-cü il üçün fövqəladə hallarda hazırlıq/cavab tədbirləri planına cinsi və reproduktiv sağlamlığının qorunması üzrə tədbirlərin daxil edilməsi ilə bağlı fəaliyyət planının hazırlandığını və dəyirmi masanın da məhz bu planın müzakirəsi məqsədilə təşkil olunduğunu bildirdi.
Azərbaycanda BMT-nin Əhali Fondunun proqram müşaviri Teymur Seyidov layihə iştirakçıları arasında fövqəladə hallarda reproduktiv sağlamlıq məsələsinə xüsusilə Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti olduğunu vurğulayaraq, təmsilçi nümayəndələrə minnətdarlığını bildirdi. Fövqəladə hallara dair Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının ilk regional Forumunda milli potensialı gücləndirmək və fəaliyyətin milli hesabatda əksinin tapılması üçün bir sıra prioritetlərin müəyyənləşdirildiyini, ölkə nümayəndələrinin başlıca rollarının və cavabdeh olduqları məsələlərin aydınlaşdırıldığını diqqətə çatdırdı. T.Seyidov milli səviyyədə fəaliyyət planının hazırlanması prosesinin başlanıldığından söhbət açdı: “Hazırkı məqsəd fəaliyyət planına addım-addım nəzər yetirmək və fikir mübadiləsi aparmaqdır.”
Layihə çərçivəsində təşkilat nümayəndələri arasında mütəmadi görüşlərin keçirildiyini qeyd edən İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri və layihənin koordinatoru Lütfi Qafarov xüsusən Səhiyyə Nazirliyi tərəfindən dəstək alındığını vurğuladı: “Bu böyük prosesin hazırda nəzəri hissəsini işləyirik. İnanırıq ki, gələcəkdə nəzəriyyəni təcrübədə tətbiq edəcəyik.” L.Qafarov həmçinin fövqəladə hallarda ictimai səhiyyənin rolunun artırılması istiqamətində İSİM-lə yaxından əməkdaşlıq edən ÜST-nin xidmətlərini sadaladı.
İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov “İnsanın cinsi və reproduktiv sağlamlıq hüququnun fövqəladə hallarda təmin edilməsi” mövzusunda təqdimat etdi. Təqdimatda Cinsi və Reproduktiv Sağlamlıq xidmətlərinin əhatəli təmin olunması və məlumatın əldə edilmə mühitinin yaradılması məqsədilə beynəlxalq və yerli səviyyədə keçirilmiş layihələrdən və görüşlərdən bəhs edildi. Eyni zamanda İSİM-də keçirilmiş seminarın nəticələri barədə məlumat verildi.
Sonda fövqəladə hallarda hazırlıq/cavab tədbirləri planında cinsi və reproduktiv sağlamlığın qorunması üzrə tədbirlərin daxil edilməsi ilə bağlı fəaliyyətlərin əlaqəli planlaşdırılması istiqamətində MİXP-yə daxil olan bəndlər, hazırlığın təmin edilməsi üçün zəruri olan tədbirlər, çətinliklər, zəruri resurslar ətrafında fikir mübadiləsi aparıldı.