İSİM-də Qadın və Uşaq sağlamlığı sahəsində Hesablar Sistemi üzrə MİLLİ SEMİNAR keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

6 DECEMBER 2012

İSİM-də Qadın və Uşaq sağlamlığı sahəsində Hesablar Sistemi üzrə MİLLİ SEMİNAR keçirildi

Səhiyyə Nazirliyinin 6 noyabr 2012-ci il tarixli 215-S saylı sərəncamına əsasən, Azərbaycanda 2013-2015-ci illər üçün “Ana və uşaq sağlamlığının mühafizəsi sahəsində cavabdehliyin gücləndirilməsi və səhiyyədə milli hesabların yaradılması” layihəsi hazırlanır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə həyata keçiriləcək layihənin məqsədi ana və uşaq sağlamlığına nəzarət sisteminin gücləndirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, əhalinin təbii hərəkətinin statistikasının təkmilləşdirilməsi və milli səhiyyə hesabları sisteminin yaradılmasından ibarətdir. ÜST-nin beynəlxalq ekspertlərinin iştirakı ilə keçirilən hazırkı seminarın təşkili layihənin ilk mərhələsi hesab olunur. Seminarın məqsədi ölkədə ana və uşaq sağlamlığı ilə bağlı ayrı-ayrı hesabat sistemlərinin mövcud vəziyyətinin və bu layihə ilə bağlı gələcək fəaliyyətlərin müzakirə edilməsidir.

2012-ci il dekabrın 6-7-də İSİM-də Qadın və Uşaq sağlamlığı sahəsində Hesablar Sistemi üzrə MİLLİ SEMİNAR keçirildi. Seminarda Milli Məclis, Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, İSİM, Dövlət Statistika Komitəsi, ÜST, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Dünya Bankı, AbtAssociates-in nümayəndələri iştirak etdilər.

Seminarı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov ana və uşaq sağlamlığının qorunmasının ictimai səhiyyənin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğuladı. Fəaliyyətin uğurlu həyata keçirilməsində, eləcə də qərarların qəbul edilməsində monitorinq və təhlilin əhəmiyyətini önə çəkən direktor bu sahədə islahatların aparıldığını nəzərə çatdırdı: “İctimai səhiyyədə islahatların tərkib hissəsi olan bu layihələrin gerçəkləşdirilməsində məqsəd Azərbaycan səhiyyəsinin inkişafı üçün müsbət nəticələrə nail olmaqdır.”

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva layihənin ölkə səhiyyəsi üçün müəyyən irəliləyişlərə təkan verəcəyinə, mövcud problemlərin aradan qaldırılmasına yardımçı olacağına ümid etdiyini bildirdi.

Seminarın məqsəd və vəzifələri barədə ÜST-nin Avropa Regional Bürosunun eksperti Baxtigül Akkaziyeva məlumat verdi. Ekspert seminarın sonunda maraqlı tərəflərin tövsiyələrinin hesabatda əksini tapacağını, fəaliyyət planının, büdcənin təyin olunacağını və tərəflərin vəzifələrinin müəyyənləşdiriləcəyini bildirdi. B.Akkaziyeva həmçinin İnformasiya və Hesabatlılıq Komissiyasının tövsiyələri əsasında hazırlanan hesablar sistemi barədə iştirakçıları məlumatlandırıldı.

ÜST-nin Avropa Regional Bürosunun eksperti Gunta Lazdane “Minilliyin İnkişaf Məqsədlərinin 4 və 5-ci hədəflərinə nail olmaq və BMT-nin Qadın və Uşaq Sağlamlığı üzrə Qlobal Strategiyasının yerinə yetirilməsində ölkələrin öhdəlikləri istiqamətində tərəqqi” mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda uşaq və ana ölümünün dünya üzrə göstəriciləri, ölkələr arasında müqayisələr, strategiyaların mövcud olduğu ölkələrin təcrübələrindən söhbət açıldı. Ana ölümünə səbəblərin ən başlıcasının birbaşa olmayan səbəblərin olduğunu vurğulayan G.Lazdane Azərbaycanın ana və uşaq sağlamlığının qorunması üzrə təşəbbüskarlığını xüsusi qeyd etdi.

Səhiyyə Nazirliyinin Tibbi Statistika və İnformatika İdarəsinin direktoru Mehdi Əmrahov Azərbaycanda qadın və uşaq sağlamlığı üzrə məlumat və hesabatlılıq sistemi haqqında məruzə etdi. M.Əmrahov iştirakçıları doğum, ölüm və perinatal ölüm hallarının mövcud dövlət qeydiyyatı sistemi, doğuşa yardım xidməti şəbəkəsi, o cümlədən həyat dövrəsinin əsas mərhələləri barədə məlumatlandırdı: “Elektron Sağlamlıq Kartı vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılması üçün tətbiq olunur.”

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva layihənin ölkə səhiyyəsi və əhalinin sağlamlığının təminatı baxımından vacibliyini vurğulayaraq, bu sahədə məlumatların elektronlaşdırılmasının və statistik göstəricilərin bazaya daxil edilməsinin təqdirəlayiq hal olduğunu bildirdi.

Seminar ərzində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva, İSİM-in eksperti Səmayə İsmayılova və İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova da təqdimat etdi. Məruzələrdə hesabatlılıq çərçivəsində ölkə və tərəfdaşların cari səylərinin həyata keçirilməsində özünüqiymətləndirmə və yol xəritəsi layihəsi təqdim edildi. Eyni zamanda Ana və uşaq sağlamlığının qorunmasında qlobal strategiya, Azərbaycanda Səhiyyənin inkişafının strateji planı (2011-2015), Ana və uşaq sağlamlığının qorunması üzrə Dövlət Proqramı (2013-2017), Reproduktiv sağlamlıq üzrə Milli Strategiya (2008-2015), “Elektron Azərbaycan” Dövlət Proqramı (2010-2012) barədə məlumatlar verildi.

Seminarın 2-ci sessiyasında layihə və yol xəritəsinə baxış, onun qiymətləndirilməsi və gücləndirilməsinə ehtiyac olan prioritet sahələrin müəyyənləşdirilməsi üzrə qrup işləri oldu. İşçi qruplar nəticələrin monitorinqi və resursların izlənilməsi, vətəndaş vəziyyəti aktlarının qeydiyyatı, təbii hərəkət üzrə statistika sistemi, ana ölümünə nəzarət və cavab tədbirləri, illik icmal, vəkillik, təbliğat üzrə müzakirələr apardılar. Müzakirələr əsasında prioritet fəaliyyətlər, metodlar və yanaşmalar müəyyənləşdirildi, tərəflərin iştirak və vəzifələri göstərildi, 2012-2013-cü illər üzrə katalitik tədbirlər müəyyənləşdirildi. İşçi qruplar tərəfindən 2013-2015-ci illərdə ana və uşaq sağlamlığı üzrə müəyyənləşdirilən prioritet sahələr istiqamətində tərəfdaşların fəaliyyəti üzrə məruzələr edildi. Hazırlanmış yol xəritəsi təqdim olunduqdan və qiymətləndirilmə aparıldıqdan sonra növbəti addımlar sadalandı.