15 NOVEMBER 2012
Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması layihəsi çərçivəsində seminar keçirildi
Son illərdə təbii fəlakətlərin, eləcə də digər fövqəladə hadisələrin artması diqqət mərkəzindədir. Yalnız son 20 ildə fəlakətlər nəticəsində ölən insanların sayı ən azı 3 milyon, zərərçəkənlərin sayı isə 800 milyon olub. Məhz buna görə bu gün fəlakətlərə hazırlıq, onun nəticələrinin yüngülləşdirilməsi və fəlakətlərdən sonra tələb olunan bərpa işlərinin idarə olunması ictimai səhiyyəni narahat edən aktual məsələlərdən biri hesab edilir.
Fövqəladə hallar zamanı düşərgələrdə ölüm və xəstəliklərin çoxunun reproduktiv sağlamlığın zəifliyi nəticəsində baş verməsinə baxmayaraq, son zamanlaradək bu, yardım proqramlarında nəzərdən qaçırılmış sahə olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı reproduktiv sağlamlığın vacibliyini belə ifadə edib: “Qida, su və sığınacaq prioritet olaraq qalsa da, qaçqınların rifahının və ləyaqətinin təmin edilməsi üçün reproduktiv sağlamlıq əsas məsələlərdən biri hesab edilir, çünki bu, onların insan hüquqlarıdır”.
2012-ci il noyabrın 13-15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) BMT-nin Əhali Fondunun maliyyələşdirdiyi, İSİM-in təşkilatçısı olduğu Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması layihəsi çərçivəsində seminar keçirildi. Görüşdə Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Tibb idarəsi, Daxili İşlər Nazirliyinin Tibb idarəsi, Bakı Baş Səhiyyə İdarəsi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi (UNHCR), İSİM, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Qaçqın Qadın və Gənclər Mərkəzi, Qadın Krizis Mərkəzi, Gənclərin İnkişafı İctimai Birliyi kimi dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
Seminarın keçirilməsində məqsəd fövqəladə hallarda insanların xilas edilməsində xidmət göstərənlərin bilik və təcrübələrini təkmilləşdirməkdir. Təlim üzrə tədris proqramı hazırlanacaq, metodologiyanın müəyyənləşdirilməsi üçün işçi qrupu yaradılacaqdır.
Seminarı giriş sözü ilə açan İSİM-in direktorunun birinci müavini Rauf Məmmədov layihənin ictimai səhiyyənin rifahı naminə əhəmiyyətini vurğuladı. Uğurlu əməkdaşlıq çərçivəsində layihənin gələcəkdə problemin həllinə yardım edəcəyinə ümid etdiyini bildirdi.
İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri və layihənin koordinatoru Lütfi Qafarov Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması layihəsi barədə ümumi məlumat verdi: “Layihənin məqsədi fövqəladə hallara məruz qalmış icmalar üçün Cinsi və Reproduktiv Sağlamlıq (CRS) xidmətlərinin əhatəli təmin olunması və məlumatın əldə edilmə mühitinin yaradılmasıdır.” Koordinator layihədən fövqəladə hallar zamanı sağlam həyat və bərabər imkanlar əldə etmək üçün ictimaiyyətin faydalanacağını bildirdi. Həmçinin layihədən gözləntiləri də diqqətə çatdırdı.
Azərbaycanda BMT-nin Əhali Fondunun proqram müşaviri Teymur Seyidov digər ölkələrdə keçirilən bu layihənin Azərbaycanda da reallaşmasının ictimai səhiyyədə uğurlu addım kimi dəyərləndirdi. 1995-ci ilin iyununda Fövqəladə hallar zamanı Reproduktiv Sağlamlıq məsələlərinə həsr olunmuş Təşkilatlararası Simpoziumda Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketi (MİXP) konsepsiyasının hazırlandığını vurğulayan T.Seyidov MİXP barədə iştirakçıları məlumatlandırdı: “MİXP fövqəladə halların kritik mərhələsində zərər çəkmiş insanlar arasında reproduktiv sağlamlıqla əlaqədar problemlərin təcili həlli üçün müxtəlif beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb.” Fövqəladə hallar zamanı MİXP insanların xilas edilməsinə xidmət edən əlaqələndirilmiş prioritet fəaliyyət istiqamətləri paketi olduğundan bütün ehtiyacların dərin qiymətləndirmə aparılmadan həyata keçirilə bilmədiyini deyən proqram müşaviri MİXP-nin məqsədlərini açıqladı: “Bura tammiqyaslı əlaqələndirmə, cinsi zorakılıq hallarına qarşı cavab tədbirləri və onların aradan qaldırılması, yeni doğulmuş uşaqların, anaların xəstələnməsi və ölüm hallarının qarşısının alınması, İİV-ə yoluxmanın azaldılması istiqamətində proqramların həyata keçirilməsi daxildir.”
Giriş sözündən sonra təqdimatlara keçildi. L.Qafarov “Fövqəladə hallarda CRS üzrə tədbirlər”, “Fövqəladə hallarda CRS-nin əlaqələndirilmə (koordinasiya) mexanizmlərinə giriş” mövzularında məruzə etdi. Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə “Cinsi və gender zorakılığı”, “Cinsi zorakılıq: yardım və dəstək üçün maneələr”, “Zorakılıq qurbanları üçün tibb xidmətləri” barədə təqdimatlarla seminarı davam etdi.
“Fövqəladə hallarda ana və yenidoğulmuşların sağlamlığı”, “Ailə planlaşdırılması” mövzularında İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov, “Fövqəladə hallar zamanı İİV/CYYİ profilaktikası”, “CYYİ və İİV sahələrində kompleks proqramların planlaşdırılması” mövzularında İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə təqdimat etdilər. “Təşkilatlararası Reproduktiv Sağlamlıq komplektləri”, “Təhlil, monitorinq və qiymətləndirmə” mövzularında İSİM-in Əhalinin Sağlamlığı şöbəsinin həkim-metodisti Aytəkin Əsgərova çıxış etdi.
Qrup işində fövqəladə hallar üzrə fəaliyyət planının MİXP-yə uyğunlaşdırılması və MİXP-nin ölkə daxilində tətbiqində maraqlı tərəflərin rolunun artırılmasına dair fikir mübadiləsi aparıldı, təkliflər hazırlandı. Bu təkliflər nəzərə alınmaqla, MİXP üzrə milli fəaliyyət planının layihəsi hazırlanacaq və müvafiq qurumlara təqdim olunacaqdır.
Noyabrın 20-21-də Türkiyənin İstanbul şəhərində keçiriləcək fövqəladə hallara dair Şərqi Avropa-Orta Asiya Regionu üzrə beynəlxalq forumda seminar haqqında hesabat veriləcək və gələn il üçün fövqəladə hallara dair planın hazırlanmasında istifadə ediləcək.