İSİM-də təqdimat bacarıqları üzrə təlimçilərin təlimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

5 OCTOBER 2012

İSİM-də təqdimat bacarıqları üzrə təlimçilərin təlimi keçirildi

2012-ci il oktyabrın 3-5-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində təqdimat bacarıqları üzrə təlimçilərin təlimi keçirildi. Mərkəzin əməkdaşları üçün nəzərdə tutulmuş təlimi AbtAssociatesin təşkilatçılığı ilə təlimçi Mətləb Verdiyev apardı.

Təlim ərzində təlimçilərin təlim aparması üçün bilməli olduqları texnika və üsullara nəzər yetirildi. Tədris prosesinin əsaslarını təşkil edən məqamlar vurğulandı. M.Verdiyev təlimçinin auditoriya ilə əlaqə yaratmasında effektiv ünsiyyətin düzgün qurulmasının əhəmiyyətini nəzərə çatdıraraq, effektiv təqdimat vərdişlərinə yiyələnmək yollarını sadaladı.

Auditoriyanın diqqətini cəlb etmək üçün təlimçinin müxtəlif üsullardan yerində istifadə etməsinin əhəmiyyətini vurğulayan M.Verdiyev burada nitq mədəniyyətini inkişaf etdirmək yollarını da göstərdi.

Mühazirələrdən sonra iştirakçıların sualları əsasında fikir mübadiləsi aparıldı. Öyrənilmiş dərslər əsasında ev tapşırıqları həll olundu. Həmçinin iştirakçıların təqdimat etmə bacarıqlarının nümayişi üçün sınaq videoçəkilişi oldu. Daha sonra videoçəkilişlərdə təqdimatların üstün cəhətləri qeyd olundu, yol verilən səhvlərin aradan qaldırılması məqsədilə tövsiyələr verildi.

Powerpoint təqdimatının özəllikləri və bu təqdimatın qurulma incəlikləri barədə məlumat verən təlimçi burada xüsusən dizayn və şriftin seçilməsinə diqqəti yönəltməyin vacibliyini nəzərə çatdırdı. M.Verdiyev uğurlu komandanın qurulması məqsədilə iştirakçıların düzgün seçilməsi və komandada liderin təyin edilməsi istiqamətində təlimçinin diqqət etməli olduğu məsələlərlə bağlı məruzə etdi.

Təlimin son günündə iştirakçılar çalışdıqları sahə ilə bağlı mövzularda powerpoint təqdimatları etdilər. Bu təqdimatlar barədə təlimçi və digər iştirakçılar rəylərini bildirdilər. Sonda sertifikatlar təqdim olundu.