İSİM Beynəlxalq Qeyri-zorakılıq günününə həsr olunmuş dəyirmi masa keçirtdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

2 OCTOBER 2012

İSİM Beynəlxalq Qeyri-zorakılıq günününə həsr olunmuş dəyirmi masa keçirtdi

2007-ci il iyunun 15-dən BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi Beynəlxalq Qeyri zorakılıq günü kimi qeyd edilir. Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi – sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etməkdi. 2 oktyabr təsadüfən seçilmiş tarix deyil, məhz bu gün Hindistan müstəqillik uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandininin doğum günüdür.

2012-ci il oktyabrın 2-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Beynəlxalq Qaçqınların Qadın və Gənclər Mərkəzinin (BQQGM) birgə əməkdaşlığı nəticəsində BQQGM-də dəyirmi masa keçirildi. Tədbir İSİM, BQQGM, "Həyat" Beynəlxalq Humanitar Təşkilatının nümayəndələri, eləcə də qaçqın və məcburi köçkün düşmüş qadınlarının iştirakı ilə baş tutdu.

Dəyirmi masanı giriş sözü ilə açan BQQGM direktoru Zəminə Səfərova bu günü keçirtməyin əsas məqsədini iştirakçıların nəzərinə çatdırdı. O çıxış zamanı xüsusilə vurğuladı ki, bu gün məhz qaçqın və məcburi köçkün düşmüş insanlar üçün daha yaxın və acınacaqlı olan bir mövzudur.

İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova çıxış edərək, nəzərə çatdırdı ki, tədbirin keçirilməsi “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə həyata keçirilir. O, həmçinin onu da vurğuladı ki, qadınlara, uşaqlara qarşı törədilən qorxunc zorakılıqlar da bizim diqqət mərkəzimizdə olmalıdır.

"Həyat" Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov: “Zorakılıq məsələlərində qadınların öz hüquqları mövzusunda maarifləndirməklə yanaşı, kişiləri zorakılıq nədir, səbəbləri, nəticələri barədə geniş maarifləndirmək lazımdır”.

Daha sonra, BQQGM-in qadınları qısa bir tamaşa ilə çıxış etdilər. Bu tamaşa pantomima xarakterli olsa da bütün iştirakçıları bir anlıq sülh və müharibə zamanı yaşanan hisləri yaşatmağa vadar etdi.

Tamaşadan sonra dəyirmi masanın iştirakçıları öz fikirləri ilə paylaşdılar. İSİM-in əməkdaşı Aytəkin Əsgərova nəzərə çatdırdı ki, tək müharibə zamanı zorakılıq yox, hətta ailə zorakılığı da fiziki, emosional, iqtisadi və cinsi, təcrid və məcburiyyəti ehtiva edə bilən təhqiredici və təhdidedici bir davranışın nümunəsidir.

Müzakirələr zamanı qaçqın və məcburi köçkün düşmüş bəzi qadınlar müharibə və ailədə üzləşdikləri zorakılıq hallarından bəhs etdilər. Dəvət olunmuş qonaqlar onlara öz tövsiyə və məsləhətlərini verdilər.