27 SEPTEMBER 2012
İSİM-də “Əhalinin sağlamlığının qorunması sahəsində yeni normativ-tənzimləyici təşəbbüslər: beynəlxalq təcrübə” mövzusunda DƏYİRMİ MASA keçirildi
2012-ci il sentyabrın 27-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Əhalinin sağlamlığının qorunması sahəsində yeni normativ-tənzimləyici təşəbbüslər: beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirildi. Toplantıda Səhiyyə Nazirliyi, İnsan hüquqları üzrə müvəkkili, Bakı Baş Səhiyyə İdarəsi, İSİM, SN Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNİCEF), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), AbtAssociates, BMT-nin Uşaq Fondu və Azərbaycan Tibb Assosiasiyasının nümayəndələri və Səhiyyə Nazirliyinin aparıcı mütəxəssislər iştirak etdilər.
Dəyirmi masanı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov ÜST və Səhiyyə Sektorunda İslahatlar Layihəsi ilə birgə İSİM tərəfindən 2011-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqatın əhəmiyyəti və bu tədqiqatın keçirilməsi zərurəti barədə məlumat verdi. Həmçinin tədqiqat zamanı maraqlı nəticələrin əldə olunduğunu bildirdi.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova “Azərbaycanda qeyri-infeksion xəstəliklərin risk faktorlarının yayılması” mövzusunda təqdimatla çıxış etdi. Məruzəçi Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ildə Azərbaycanda ölüm hallarının 80%-nin əsas 4 QİX-lə bağlı olduğunu və ÜST-ün hesablamalarına görə, Avropada xəstəliklərdən ölüm göstəricisinin 86%-nin məhz QİX-lərin payına düşdüyün nəzərə çatdırdı. Təqdimat əsnasında qeyri-infeksion xəstəliklər haqqında ümumi məlumat, QİX problemi, qeyri-infeksion xəstəliklərin risk faktorları, bu faktorların araşdırılması, metodologiyası və təşkili, bu xəstəliklərlə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətindən söhbət açıldı. Eləcə də iştirakçılar araşdırmanın nəticələri ilə bağlı məlumatlandırıldı.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Azərbaycanda Gənclər arasında Tütündən istifadənin Qlobal Tədqiqatı (GYTS) haqqında məlumat verdi. GYTS tədqiqatı 2011-ci ildə 25 orta məktəbin 13-15 yaşlı 2018 şagirdin arasında keçirilib. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq aparılıb. T. Musayevin sözlərinə görə: “Şagirdlərin 10.6%-i nə vaxt isə siqaret çəkməyə cəhd edib, 6.8%-i son bir ay ərzində tütün məmulatından istifadə edib, 1.1%-i isə son bir ay ərzində hər gün siqaret çəkib. Narahatedicidir ki, heç vaxt siqaret çəkməyənlərin 8.7%-i ehtimal edir ki, növbəti il siqaret çəkməyə başlaya bilər.”. O, həmçinin qeyd etdi ki, şagirdlərin 94%-i ictimai yerlərdə tütünçəkmə qadağan edilməsi fikrini irəli sürdü.
Daha sonra iştirakçılar keçirilmiş tədqiqat və nəticələri ilə bağlı öz fikirlərini söylədilər. Müzakirələr zamanı bir daha səhiyyə kommunikasiyasının inkişafı və əhalinin sağlamlığında rolu vurğulandı.
“Əhalinin sağlamlığının qorunması sahəsində yeni normativ-tənzimləyici təşəbbüslər: beynəlxalq təcrübədən nümunələr”i ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin məsləhətçisi Zaur İbrahimli diqqətə çatdırdı. Məruzəçi iştirakçıları ÜST-ün 2010-cu il üzrə “Dünyada qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət haqqında Hesabatı”nda dövlət səviyyəsinə qəbul olunması tövsiyə edilən qərarlarla tanış etdi.
Təqdimatlardan sonra suallar ətrafında fikir mübadiləsi aparıldı.