20 SEPTEMBER 2012
Tütünə qarşı mübarizə üzrə milli koordinatorların Avropa regional müşavirəsində İSİM-in nümayəndəsi iştirak etdi
2012-ci il sentyabrın 18-20-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində keçirilən Tütünə qarşı mübarizə üzrə milli koordinatorların Avropa regional müşavirəsində ABŞ, Kanada, İngiltərə, Norveç, Almaniya, Belçika, Finlandiya, İsrail, Avstraliya, Portuqaliya, Hollandiya, Danimarka, Lüksemburq, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Serbiya, Latviya, Litva, Albaniya, Xorvatiya, Rumıniya, Belarus, Moldova, Estoniya, Slovakiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrin nümayəndələri, Azərbaycandan isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev iştirak etdi. Müşavirənin keçirilməsində məqsəd regional və dünyəvi miqyasda tütünə qarşı mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı hazırkı əsas prosesləri və problemləri müzakirə etmək üçün ÜST-ə üzv olan bütün Avropa regionu ölkələrindən tütünə qarşı mübarizə üzrə milli koordinatorları bir yerə toplamaqdır.
Regional müşavirədə tərəflərin 2012-ci ilin noyabrında Koreya Respublikasında keçiriləcək konfransı üçün hazırlıq tədbirlərinin xülasəsi, proqramın layihəsi və əsas sənədlər nəzərdən keçirildi. Eyni zamanda tütünün sağlamlığa zərəri barədə əyani şəkillər və standart qablaşdırmanın tətbiqi, tütünə qarşı mübarizə ilə bağlı ticarət məsələləri müzakirə edildi. Avropa regionunda, o cümlədən Türkiyədə tütünə nəzarət, tütün sənayesi və səhiyyə siyasəti barədə fikirlər söylənildi. Bu istiqamətdə məlumat toplamaq məqsədilə yeni alətlər daxil olmaqla, tütün məhsullarının qablaşdırılması və etiketlənməsi kimi region üçün aktual və xüsusi texniki məsələlərə diqqət edildi.
Türkiyədə ÜST-ün Tütünlə Mübarizə ilə bağlı Çərçivə Konvensiyasının həyata keçirilməsində son dövr irəliləyişlərinə və mövcud problemlərə nəzər salındı. Tütün məmulatları qutularında məlumatlandırıcı yazıların, rəsmlərin təsvir olunmasının və bu çağırışların daima yeniləndirilməsinin əhəmiyyəti önə çəkildi.
Tədbirdə tütünə qarşı mübarizə üzrə məruzələr dinlənildi. “Tütünə nəzarətdə regional perspektiv”, “Tütünə nəzarətdə qlobal perspektiv” barədə təqdimatlar oldu.
Qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə üzrə Baş Assambleyanın yüksək səviyyəli müşavirəsinin Siyasi bəyannaməsinin və Avropa regionunda ÜST-ün tütünə qarşı mübarizə mövqeyindən 2012-2016-cı illər üçün qeyri-infeksion xəstəliklərin profilaktikası, onlara qarşı mübarizə ilə bağlı Avropa strategiyasının reallaşdırılması üzrə Tədbirlər Planının həyata keçirilməsi prosesinin xülasəsi aparıldı. Həmçinin tütünə qarşı mübarizə üzrə təklif olunmuş məqsədli qlobal istiqamət və 2025-ci ilə kimi bu məqsədə çatmaq üçün prioritet tədbirlər müzakirə edildi.
Tütünə nəzarət istiqamətində ictimaiyyətin məlumatlandırılması məsələlərinə də baxıldı. Bu sahədə ölkə təcrübələrindən nümunələr gətirildi.
İştirakçılar Ankaranın cavabdeh məsul şəxslərilə birgə tütünlə mübarizədə iştirak edən və tütündən azad olmaq istəyənlərə yardım edən qurum, təşkilat və mütəxəssislərlə görüşdülər, tütünçəkmənin qadağan olunduğu ictimai yerlərə səfər edərək tütünə qarşı mübarizədə Türkiyənin təcrübəsi ilə tanış oldular.
Toplantı əsnasında ÜST-ün Avropa regional bürosu ilə dövlət nümayəndələri arasında tütünə qarşı mübarizə sahəsində əməkdaşlığın müxtəlif aspektləri üzrə ikitərəfli müzakirələr aparıldı.
Qrup işlərində tütündən imtinaya dair hədəfə çatmaq üçün həyata keçirilməsi vacib addımlar işlənildi. Avropa regionu ölkələrinin qəbul etdiyi qanunlara və həyata keçirilən layihələrə nəzər yetirildi. Ölkə nümayəndələri Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsi apardılar.
Sonda ölkə nümayəndələri gələcəkdə birgə əməkdaşlıq çərçivəsində davamlı işlərin görülməsi üçün addımları müəyyənləşdirdilər.