19 avqust – Ümumdünya Humanitar Yardım Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

19 AUGUST 2012

19 avqust – Ümumdünya Humanitar Yardım Günüdür

Ümumdünya Humanitar Yardım Gününün təsis edilməsi 2003-cü il avqustun 19-da BMT-nin İraqın paytaxtı Bağdaddakı qərargah-mənzilində törədilmiş partlayış nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. 11 dekabr 2008-ci ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə elan edilmiş Ümumdünya Humanitar Yardım Gününün məqsədi insanların həyatını xilas etmək üçün çalışan və bu nəcib məqsəd uğrunda həyatını itirən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir. 2012-ci il bu günün mövzusu “Mən burada oldum”dur.

Ümumdünya Humanitar Yardım Günündə keçirilən tədbirlər humanitar yardım işçilərini dünyanın harasında yaşamasından və kimliyindən asılı olmayaraq, təhlükə altında olan insanlara kömək əlini uzatmağa çağırır. Təbii fəlakətlər, münaqişələr və digər fövqəladə hadisələr hər il insanların həyat və sağlamlıqlarını təhlükə altına salır. Belə böhranlar zamanı humanitar yardım işçiləri təhlükədən əziyyət çəkən insanlara köməklik göstərmək üçün bütün qüvvələrini səfərbər edirlər. Fövqəladə hallarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas fəaliyyətinə insanların həyatını xilas etmək, fövqəladə halların idarə olunması üçün effektiv əməkdaşlıq yaratmaq və onlar arasında müvafiq koordinasiyanı qurmaq daxildir. Təşkilat eyni zamanda fəlakətlərə hazırlığı təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsini və bərpa işlərinin aparılmasını, faktiki məlumatlar əsasında fəaliyyətin idarə olunması üçün səhiyyə sisteminin potensial və davamlılığının artırılmasını, təhlükə altında olan ölkələrə dəstək göstərmək məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsini həyata keçirir.

Ümumdünya Humanitar Yardım Günü ilə əlaqədar BMT-nin Baş Katibi Pan Gi Mun dünya dövlətlərinə müraciət qəbul edərək ehtiyac içində olan insanlara kömək edərkən həyatlarını itirənləri və üzləşdikləri təhlükələrdən çəkinməyərək, daha təhlükəsiz və daha yaxşı dünyanın qurulması naminə yardım göstərməyə davam edənləri xatırlamağa çağırıb.

Bu gündə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar diqqəti həyati vacib vəzifələrinin öhdəsindən gələrkən həlak olmuş, yaxud zədə almış humanitar yardım işçilərinin roluna yönəltmək məqsədilə bir milyard insanı bir araya gətirməyə çalışır. Ümumdünya Humanitar Yardım Günü cəmiyyəti humanitar yardım, humanitar yardım işçilərinin fəaliyyəti və onların üzləşdikləri çətinliklər haqqında məlumatlandırmağa, qeyri-hökumət və beynəlxalq təşkilatlar, eləcə də BMT-nin təsisatlarına öz humanitar fəaliyyətini nümayiş etdirməyə, humanitar əməliyyatlarda həlak olmuş və ya zədələnmiş şəxslərə ehtiramı bildirməyə imkan yaradır. Bu gündə nümayiş edilən həmrəylik Ümumdünya Humanitar Yardım Gününün qeyd olunmasını daha da canlandırır.