1 AUGUST 2012
İSİM-də “Azərbaycanın səhiyyə sektorunda yeni maliyyələşmə sisteminin tətbiqi”nə dair yekun hesabatın təqdimatı keçirildi
2012-ci il avqustun 1-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) SN-in Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) çərçivəsində “Azərbaycanın səhiyyə sektorunda yeni maliyyələşmə sisteminin tətbiqi”nə dair yekun hesabatın təqdimatı keçirildi. Tədbirdə Səhiyyə Nazirliyi, İSİM, SSİL, Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və AbtAssociates-in nümayəndələri iştirak etdilər.
Dünya Bankının məsləhətçisi İqor Şeyman “Azərbaycanda səhiyyənin maliyyələşməsi sistemində islahatlar: mövcud vəziyyət, problemlər və tövsiyələr” mövzusunda çıxış etdi. 2010-cu ilin oktyabrında Azərbaycanda apardığı araşdırmanın yekun hesabatının nəticələrinə əsaslanan məruzədə məsləhətçi dünya ölkələrinin təcrübəsindən nümunələri, ölkəyə ən uyğun “Büdcə-sığorta modeli”nin seçilməsi ilə bağlı təklifləri iştirakçıların diqqətinə çatdırdı.
Maliyyələşmə sisteminin statusu, büdcə prioritetləri sistemində səhiyyənin yeri, eləcə də islahatların statusundan bəhs edən İ.Şeyman islahatlara tələbatın olduğunu vurğuladı. Təqdimat əsnasında büdcə sistemi çərçivəsində fəaliyyətin qurulmasında Böyük Britaniya, Skandinaviya ölkələri və Qazaxıstanda aparılmış islahatlardan söhbət açıldı, fəaliyyətin təşkili istiqamətində ölkələrin rastlaşdıqları problemlər sadalandı.
Məruzəçi həmçinin sığorta modelinin seçilməsində və fəaliyyət strategiyasının qurulmasında Estoniya və Rusiya təcrübəsindən bəhs edərək, Azərbaycan üçün bu yöndə tövsiyələrini bildirdi. Səhiyyədə inkişafa nail olmaq məqsədilə maliyyələşmənin mərkəzləşdirilməsinin vacibliyini önə çəkən İ.Şeyman Rusiya təcrübəsindən nümunə gətirməklə, maliyyələşmənin planlı şəkildə aparılması işinin gücləndirilməsi üçün təklifləri nəzərə çatdırdı.
Təqdimatdan sonra hesabat ətrafında fikir mübadiləsi aparıldı. ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Kamran Qaraxanov, AbtAssociates-in nümayəndəsi Olqa Zues, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin aparıcı səhiyyə mütəxəssisi Klaudia Koks və ÜST-ün nümayəndəsi Orxan Cavadovu maraqlandıran suallar cavablandırıldı.