20 JUNE 2012
Böyük Britaniyada keçirilmiş Milli Tütünçəkmədən İmtina ilə bağlı Konfransda İSİM-in nümayəndəsi iştirak etdi
2012-ci il iyunun 18-19-da Böyük Britaniyanın Birmingem şəhərində Milli Tütünçəkmədən İmtina ilə bağlı Konfrans, iyunun 20-də isə bu mövzu üzrə görüş keçirildi. Dünyada tütünçəkmədən imtina ilə bağlı keçirilən ən böyük tədbirlərdən sayılan konfrans tütünçəkmədən imtina və tütünə nəzarət sahəsindən olan milli, o cümlədən beynəlxalq ekspertləri bir araya gətirir. Global Bridgesin “Avropa Scope” layihəsi çərçivəsində təşkil olunmuş, Böyük Britaniya, Portuqaliya, Rusiya, Çexiya, İspaniya və Gürcüstanın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova təmsil etdi.
Konfransda ölkə nümayəndələri tütündən imtinaya dair mövzularda təqdimatlar etdilər. İSİM-in əməkdaşı A.Rəşidova tütünlə mübarizə istiqamətində Azərbaycanda həyata keçirilmiş tədqiqatlara diqqəti çəkdi. Həmçinin ictimai səhiyyənin həlli vacib problemlərindən hesab edilən tütünçəkmənin sağlamlığa yetirdiyi zərərin ictimaiyyətə çatdırılmasında İSİM-in gördüyü işlər barədə məlumat verdi.
“Tütünçəkmənin qarşısının alınması üzrə səhiyyə xidmətlərinin nəticələrinin qiymətləndirilməsi”, “Tütünçəkmədən imtina üzrə klinik modelin doğuşaqədər qayğıya daxil edilməsi”, “İkincili (passiv) tütünçəkmə”, “Psixi problemli xəstələr üçün tütündən asılılıqla bağlı xüsusi dəstək: stasionar və icma xidmətləri üçün model” haqqında məruzələr də maraqla qarşılandı.
Konfrans ərzində tütünçəkmənin qarşısının alınması xidmətlərinin gələcəyi ilə bağlı Böyük Britaniyanın ictimai səhiyyəsi qarşısında dayanan vəzifələrdən bəhs edildi. Böyük Britaniyada tütünçəkənlərin milli sorğusu haqqında məlumat verildi və tütünçəkmədən imtina ilə bağlı qısa məsləhətlər nəzərə çatdırıldı. Eləcə də hamiləlik zamanı tütünçəkmə ilə bağlı qadınların fikirləri haqqında tədqiqatın sistemli xülasəsi təqdim olundu. Tütünçəkmədən imtina və tütünə nəzarət məqsədilə çap olunmuş plakatlar nümayiş olunduqdan sonra tütünçəkmənin qarşısının alınması üzrə xidmətlərin effektivliyinin artırılması istiqamətində tövsiyələr diqqətə çatdırıldı. Tütünə nəzarətlə bağlı təbliğatın aparılmasında KİV-in rolu, maarifləndirici tədbirlərin zəruriliyi və tütündən imtinaya çağıran mesajların əhəmiyyəti vurğulandı, tütünçəkənlərə tütünü atmağa cəhdə stimul verməklə bağlı yeni klinik üsullardan söhbət açıldı. Tütünlə mübarizə və tütünə nəzarət istiqamətində keçirilmiş tədqiqatlarda rast gəlinən çətinlikləri müzakirə edən ölkə nümayəndələri tütünçəkmənin qarşısının alınması ilə bağlı telesəhiyyə xidmətləri vasitəsilə yeni yanaşmalara nəzər yetirdilər. Konfransda həmçinin Böyük Britaniyada hamilə qadınlar üçün tütünçəkmənin qarşısının alınması üzrə xidmətlərin milli auditi təqdim olundu. Sonda ekspertlərin gələcəkdə daha geniş dialoqların və əməkdaşlığın qurulması, eləcə də tütünçəkmədən imtina etmək istəyən insanlara yardım məqsədilə təlimlərin keçirilməsi barədə fikir mübadiləsi aparıldı.