30 MAY 2012
“Körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti” üzrə jurnalistlər üçün brifinq keçirildi
2012-ci il mayın 30-da ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD-in maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində Abt Associates və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti” üzrə jurnalistlər üçün brifinq keçirildi. Brifinqdə İSİM, ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD-in maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi və Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı prof. Nəsib Quliyev ana südü ilə qidalandırmanın xüsusi əhəmiyyətini önə çəkərək, körpənin bu əvəzedilməz qida ilə qidalanmasının onun gələcək sağlamlığında böyük rol oynadığını nəzərə çatdırdı.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova “İctimai səhiyyə və ana südü ilə qidalandırma” mövzusunda məruzə etdi. Çıxışda körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti ilə bağlı maraqlı məqamlara toxundu. A.Rəşidova eyni zamanda ana südü ilə qidalandırmanın səviyyəsini qaldırmaq üçün maarifləndirmə və təbliğat işlərinin vacibliyini vurğulayaraq, İctimai Səhiyyə və İslahatlar Mərkəzində bu mövzuda maarifləndirici materialların çap olunduğu barədə məlumat verdi.
Brifinqdə həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD-in maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbər müavini Kəmalə Rəhimova və “Körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti” mövzusunda Elmi-Tədqiqat Pediatriya İnstitutunun Vaxtından qabaq və yenidoğulanların patologiyası bölməsinin rəhbəri Mahirə Əfəndiyeva jurnalistlər üçün təqdimat etdi.
Sonda maraqlı suallar ətrafında fikri mübadiləsi aparıldı.