İSİM-də Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəkidə çalışan ailə həkimləri ilə görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

6 APRIL 2012

İSİM-də Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəkidə çalışan ailə həkimləri ilə görüş keçirildi

2012-ci il aprelin 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəkidə çalışan ailə həkimləri ilə görüş keçirildi. Görüş İSİM, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının, ailə həkimlərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə baş tutdu.

Tədbir iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov son illərdə Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən səhiyyədə keçirilən islahatlar nəticəsində məqsədə doğru gedən yolda uğurlu inkişafın müşahidə olunduğunu vurğuladı. Səhiyyə sahəsində aparılan islahatların səmərəliliyinin artırılması və ümumiyyətlə ictimai səhiyyənin yüksək səviyyədə təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcudluğunun zəruri şərtlərdən biri olduğunu bildirən C.Məmmədov aparılan islahatlardan söhbət açdı. İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi layihəsi çərçivəsində AbtAssociates tərəfindən ailə təbabətinin təkmilləşdirilməsi ilə bağlı yüksək səviyyəli təlimlərin keçirildiyini qeyd edən direktor bu təlimlərin tibb işçilərini məlumatlandırmaq və peşəkarlığını artırmaq məqsədi daşıdığını vurğuladı. Həmçinin təlimlərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış sübutlu təbabətə əsaslanan klinik protokollardan istifadə olunduğundan məmnunluğunu bildirdi. Eyni zamanda ATU-da və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Ailə təbabəti” kafedralarının fəaliyyət göstərdiyi barədə məlumat verildi.

Millət vəkili İlham Məmmədov Azərbaycan dövləti tərəfindən ailə təbabəti istiqamətində gedən islahatların dəstəkləndiyini, uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırdı: “Tibbi ləvazimatlarla təmin olunmuş çantalar ailə həkimləri üçün bir vəsiqədir. Bu vəsiqəni alan ailə həkimləri şərəfli işlərinə daha peşəkarlıqla yanaşa bilərlər.”

Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının müdiri Mustafa Salehov Ümumdünya Sağlamlıq Günü ərəfəsində bu tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. “Gələcəkdə ailə həkimi sözünü qəbul etməliyik” – deyən M.Salehov “Ailə təbabəti” adlı kitabını təqdim etdi.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ailə təbabəti” kafedrasının müdiri Səadət Mahmudova ailə təbabəti istiqamətində həyata keçirilmiş fəaliyyətin vacibliyindən bəhs etdi: “Hər bir xəstə ilk dəfə ailə həkimilə görüşür. Buna görə bacarıqlı, peşəkar ailə həkimlərinin hazırlanması təqdirəlayiq haldır.”

Səhiyyə Sektorunda İslahatlar Layihəsinin icraçı bürosunun direktoru Kamran Rzayev layihə barədə məlumat verdi. Layihənin əsas məqsədinin ilkin səhiyyə istiqamətində islahatların aparılması və gücləndirilməsi olduğundan bəhs etdi. Tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün beynəlxalq təcrübənin tətbiq edildiyini vurğulayan K.Rzayev bu fəaliyyətin davamlı şəkildə həyata keçirildiyini bildirdi.

Ailə təbabətilə bağlı təlimlərdə təlimçi qismində çıxış etmiş İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin əməkdaşı Şəhla İsmayılova “Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi və ailə həkiminin tətbiqi” mövzusunda məruzə etdi.

Sonda “ailə həkimi” statusu qazanmış tibb işçilərinə “Ailə həkimi” tibbi kütləvi jurnalı və layihə çərçivəsində hazırlanmış xüsusi çantalar təqdim olundu.