28 MARCH 2012
İSİM-də “Poliomielitin ləğv edilməsi və poliomielitdən azad statusun saxlanılması” mövzusunda Milli Konfrans keçirildi
2012-ci il martın 28-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Poliomielitin ləğv edilməsi və poliomielitdən azad statusun saxlanılması” mövzusunda Milli Konfrans keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) ilə İSİM-in təşkilatçılığı əsasında baş tutan görüşdə tibb müəssisələrinin pediatrları, nevroloqları və epidemioloqları iştirak etdilər.
Konfransa sədrlik edən Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı prof. Nəsib Quliyev görüşün məqsəd və vəzifələrini açıqladı. Çıxışda poliomielitin ləğvi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər barədə məlumat verildi. Həmçinin 2002-ci ildə ÜST tərəfindən Azərbaycana “Poliomielitdən azad ölkə” statusunun verildiyi də qeyd edildi. N.Quliyev 2005-ci ildən başlayaraq, qızılca və məxmərək əleyhinə də davamlı tədbirlərin aparıldığını bildirdi.
ÜST-ün Azərbaycandakı ölkə ofisinin Yoluxucu xəstəliklər üzrə Milli proqram mütəxəssisi Vüsalə Allahverdiyeva “Vəhşi Poliomielit Virusunun yayılması və Kəskin Süst İflici (KSİ) üzərində epidemioloji nəzarətin təşkili üzrə qlobal və regional səviyyələrdə mövcud vəziyyət” barədə məruzə etdi. Proqram mütəxəssisi vəhşi polio virusların yayılması coğrafiyasından, ÜST-ün Avropa Regionunda poliomielit alovlanmasına cavab-immunlaşdırma tədbirlərindən və xəstələrin müalicəsi istiqamətində atılmış addımlardan söhbət açdı.
Mövzu üzrə tövsiyələr və təkliflərlə iştirakçıları Milli Sertifikasiya Komissiyasının əməkdaşı Şeyda Şıxəliyeva tanış etdi.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Rəna Yusifli “2011 il üzrə KSİ üzərində epidemioloji nəzarətin təhlili”ndən bəhs etdi.
Respublika GEM-in Epidemiologiya şöbəsinin müdiri Emin Babayev 2011-ci il üzrə KSİ klinik hadisələrinin təhlili barədə danışdı.
Respublika Taun Əleyhinə Stansiyanın Virusoloji laboratoriyasının əməkdaşı Sədrəddin Qurbanov 2011 il üzrə ətraf mühit və KSİ hadisələri üzərində laborator nəzarətdən söz açdı. Eləcə də “Susan” ərazilərin (Astara, Şirvan və Göy-göl) 2011-ci il üzrə hesabatı dinlənildi.
Respublika GEM-in əməkdaşı Afaq Əliyeva “2007-2011 illər üzrə poliomielitə qarşı peyvəndlə əhatənin təhlili” mövzusunda təqdimat etdi. Respublikada poliomielitə qarşı milli səviyyədə immunlaşdırmadan, immunlaşdırma sahəsində mövcud maneələrdən, təkliflərdən söhbət açıldı.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.