İSİM-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kursantları üçün səyyar təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

22 NOVEMBER 2011

İSİM-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kursantları üçün səyyar təlim keçirildi

2011-ci il noyabrın 22-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kursantları üçün səyyar təlim keçirildi. Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov səyyar təlimin məhz İSİM-də keçirilməsindən məmnun olduğunu bildirdi. Mərkəzin yaranma tarixindən danışan direktor son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişafın səhiyyədən də yan keçmədiyini vurğuladı: “Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür.” İslahatların səmərəliliyinin artırılması və bütövlükdə ictimai səhiyyənin müvəffəqiyyətli təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcudluğunun zəruri şərtlərdən biri olduğunu bildirən C.Məmmədov məhz bu məqsədlə 2006-cı ilin sentyabrında AR Səhiyyə Nazirliyi tərəfindən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə qərarın qəbul olunduğunu iştirakçıların diqqətinə çatdırdı.

AbtAssociates təşkilatının İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zues “Səhiyyənin maliyyələşdirilməsi məsələləri” mövzusunda təqdimatla çıxış etdi. O.Zues məruzəsində Səhiyyə Nazirliyinin qarşısında dayanan məsələlər, səhiyyənin maliyyələşdirilməsinin funksiya və sistemləri, resursların generasiyası və maliyyə risklərindən söhbət açdı. Müzakirə zamanı iştirakçıların sualları cavablandırıldı.

İSİM-in Kadrlar şöbəsinin müdiri Aris Rüstəmov ictimai səhiyyə barədə iştirakçıları məlumatlandırdı: “İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan – sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, ətraf mühitin mühafizəsi məsələləri, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təmin edilməsində sosial bərabərliyin təminatı, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur.” Məruzədə həmçinin İSİM-in ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirdiyi vurğulandı. A.Rüstəmov Mərkəzin Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təkliflərin hazırlanması istiqamətində rolunu da ön plana çəkdi.

Sonda Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Gülsabah Hüseynova, Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Rəşidova, Səhiyyə siyasəti və islahatlar şöbəsinin əməkdaşı Fidan Rüstəmova çalışdıqları şöbələr haqqında məlumat verdilər. Çıxışlardan sonra seminar iştirakçıları Mərkəzin digər şöbələrilə yaxından tanış oldular.