İSİM-də “Psixi pozuntuların tibbi yardım səviyyəsində diaqnostikası və müalicəsi” mövzusunda təlimçilər üçün təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

18 NOVEMBER 2011

İSİM-də “Psixi pozuntuların tibbi yardım səviyyəsində diaqnostikası və müalicəsi” mövzusunda təlimçilər üçün təlim keçirildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə AR Səhiyyə Nazirliyi arasında imzalanmış 2008-2009-cu illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2008-ci ildə “İlkin tibbi yardım həkimlərinin psixi sağlamlıq üzrə biliklərinin artırılması” layihəsinə başlanılıb. Layihənin əsas məqsədi yüngül və orta-ağır dərəcəli ruhi xəstəliklərin diaqnozunun qoyulmasında və müalicəsinin aparılmasında ilkin səhiyyə xidməti həkimlərinin bacarıqlarının artırılmasına, ilkin səhiyyə xidməti və ixtisaslaşmış tibb müəssisələri arasında göndəriş sisteminin təkmilləşdirilməsinə, eləcə də tələbələrin təhsili və ümumi praktik həkimlər üçün təkmilləşdirmə sisteminin gücləndirilməsinə nail olmaqdır.

Layihə çərçivəsində ilkin səhiyyədə çalışan həkimlərin psixi sağlamlıq üzrə hazırki bilik səviyyələrinin qiymətləndirməsi üçün İSİM-də sorğu anketi işlənilib hazırlanmış, 2009-cu ilin fevral-mart aylarında Bakıda, eyni zamanda Şəki, Qax, İsmayıllı, Ağdaş, Abşeron, Siyəzən, Dəvəçi, Quba, Xaçmaz, Masallı və Lənkəranda İSİM-in təşkilati-metodik rəhbərliyilə İSİM və Azərbaycan Tibb Universitetinin əməkdaşları sorğu aparıb. Əldə olunmuş məlumatlar təhlil edilərək hesabatda əks olunub.

Tələbələr və müdavimlər üçün tədris proqramının yeniləşdirilməsi, eyni zamanda ilkin səhiyyə xidməti həkimləri üçün təlim materiallarının hazırlanması, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin Psixiatriya və Ailə təbabəti kafedralarının müdirlərinin rəy və tövsiyələri nəzərə alınaraq, elmi və peşəkar institutlar cəlb olunmaqla, həyata keçirilib. O cümlədən təlimçilər üçün təlim materialları hazırlanıb.

2011-ci il noyabrın 14-18-də İSİM-də “İlkin tibbi yardım həkimlərinin psixi sağlamlıq üzrə biliklərinin artırılması” layihəsi çərçivəsində “Psixi pozuntuların tibbi yardım səviyyəsində diaqnostikası və müalicəsi” mövzusunda təlimçilər üçün təlim keçirildi.

ÜST-ün texniki dəstəyi və Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu ilə birgə keçirilən təlimdə Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin Psixiatriya və Ailə təbabəti kafedralarının professor-müəllim heyəti, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin və İSİM-in nümayəndələri iştirak etdilər.

Təlimçilər üçün təlimi ATU-nun tibb elmləri doktoru Fuad İsmayılov apardı. Təlimdə “Psixi pozuntuların ilkin tibbi yardım səviyyəsində üzə çıxarılması və onun vacibliyi”, “İlkin tibbi yardım sistemində depressiyanın diaqnostikası və müalicəsi”, “İlkin tibbi yardım sistemində stress və adaptasiya pozuntularının müayinəsi” mövzularında təqdimatlar oldu. Həmçinin “İlkin tibbi yardım sistemində posttravmatik stress pozuntularının diaqnostikası və müalicəsi”, “Təşvişli pozuntuların diaqnostikası və müalicəsi”, “Fizioloji pozğunluqlarla bağlı davranış pozuntuları”, “İlkin tibbi yardım sistemində psixozlar zamanı ilk yardımın göstərilməsi” mövzularından da söhbət açıldı.

Təlim keçmiş təlimçilər ilkin səhiyyə xidməti göstərən həkimlərə və tələbələrə bu modul üzrə təlim keçəcəklər.

Layihə nəticəsində ilkin səhiyyə xidməti səviyyəsində psixi sağlamlıq üzrə xəstələnmə hallarının vaxtında aşkarlanması, onların ağırlıq dərəcəsinin düzgün qiymətləndirilməsi, zəruri müalicənin aparılması və ruhi xəstəlik problemlərilə qarşılaşmış insanların müvafiq müəssisələrə göndərilməsi işinin yaxşılaşması gözlənilir.