İSİM-də “Effektiv ünsiyyətin sirləri” mövzusunda təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

25 OCTOBER 2011

İSİM-də “Effektiv ünsiyyətin sirləri” mövzusunda təlim keçirildi

2011-ci il oktyabrın 25-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Effektiv ünsiyyətin sirləri” mövzusunda təlim keçirildi. İSİM-in əməkdaşlarından ibarət iştirakçılar üçün təlimi ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiasiyasının (AAA) üzvü, karyeranın idarə olunması üzrə müstəqil məsləhətçi və təlimatçı Rəşad Bayramov apardı.

ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiasiyası qeyri-hökumət təşkilatı olub, özündə 2000 üzvü birləşdirir. 2003-cü ildə ABŞ-da müxtəlif proqramlar üzrə təhsil almış azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Təşkilatın məqsədi ölkənin inkişafına dəstək olmaq üçün vacib bacarıq və biliklərin tətbiqinə nail olmaqdır. Assosiasiya ictimai mühazirələr və müzakirələrdə, tələbələr arasında “ABŞ-da təhsil” mövzusunda seminarlarda, eləcə də kütləvi informasiya vasitələrində çıxış edir. Eyni zamanda ingilis dilindən Azərbaycan dilinə kitabların tərcüməsilə də məşğul olur.

Effektiv ünsiyyətin sirləri mövzusu üzrə seminarda təlimçi ilk növbədə e-mail yazmağın qaydalarından bəhs etdi. Məktub yazarkən formatın və mövzunun düzgün seçim üsullarını qeyd edən R.Bayramov e-mail yazmağın texniki tərəflərindən də danışdı. Daha sonra Microsoft Office PowerPoint-la işləmə bacarıqlarından söhbət açdı. Burada təqdimat planının tərtibatından, şriftlərdən, qrafiklərdən və slaydlardan istifadə qaydaları nəzərə çatdırıldı.

İctimaiyyət qarşısında çıxışın başlıca cəhətlərini vurğulayan R.Bayramov bu məqsədlə həyata keçiriləcək tədbirlərin mərhələli izahını verdi. Təlim ərzində iştirakçılar həmçinin keçirilən mövzulara dair çalışmalar da həll etdilər.

Sonda təlim kursunun qiymətləndirilməsi aparıldı. İştirakçıların rəyləri dinlənildi, suallar cavablandırıldı.