“Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində sorğu işləri davam edir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

10 OCTOBER 2011

“Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində sorğu işləri davam edir

Azərbaycanda əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək məqsədilə BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə tədqiqat həyata keçirilir. BMT-nin Əhali Fondu tərəfindən maliyyələşdirilən tədqiqat Azərbaycanda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə (İSİM) birgə “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi şəklində aparılır. Dekabrın 31-nə kimi davam edəcək layihənin məqsədi əhalinin müasir kontraseptiv üsullardan istifadəsinin aşağı səviyyədə olmasının səbəblərini öyrənməkdir. Bunun üçün hədəf auditoriya və səhiyyə sistemi işçiləri arasında sorğu keçirilir.

2011-ci il sentyabrın 23-dən 30-na kimi Bakı şəhərində 6 fokus qrup müzakirələri aparılmışdır. Oktyabrın 5-6-da “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində daha 4 fokus qrup müzakirələri keçirildi. Onlardan 2-si Qubada, 1-i Qubanın Xınalıq kəndində, 1-i isə Xaçmazda keçirildi. Sorğunu aparanlar İSİM-də təlim keçmiş şəxslərdir.

Fokus qrup müzakirələri reproduktiv yaşda olan kişilər və qadınlar, həmçinin gənclər arasında keçirildi. Müzakirələrdə ailə planlaşdırılması xidmətlərindən istifadə ilə bağlı suallar verildi. Cavablar əsasında sorğunu aparanlar fokus qrup müzakirələrini təhlil edirlər.

Sorğuda maraqlı tərəflər isə icma liderləri, din xadimləri, qadın təşkilatlarının rəhbərləri, səhiyyə işçiləri, donor təşkilatların nümayəndələridir.

Sorğu oktyabr ayında bitməlidir. Fokus qrup müzakirə və müsahibələrin nəticələri təhlil edilərək ölkə üzrə hesabat hazırlanacaqdır.