“Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində fasilitator və qeyd aparanlar üçün təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

23 AUGUST 2011

“Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində fasilitator və qeyd aparanlar üçün təlim keçirildi

Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsi (IPPF-EN) orta gəliri olan yeddi ölkədə, o cümlədən Azərbaycanda əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək niyyətindədir.

Tədqiqat BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsüdür. BMT-nin Əhali Fondu tərəfindən maliyyələşdirilən tədqiqat IPPF-EN-in Qazaxıstan, Bosniya, Bolqarıstan, Makedoniya, Serbiya və başqa ölkələrdə əməkdaşlıq etdikləri qeyri-hökumət təşkilatları tərəfindən keçirilir. Azərbaycanda təşkilat bu tədqiqatı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzilə (İSİM) müştərək layihə şəklində aparır. Layihənin həyata keçirilməsilə əlaqədar İSİM-in əməkdaşı Teymur Hüseynov iyulun 4-8-də Serbiyanın Belqrad şəhərində keçirilən təlimdə iştirak edib. Görüşdə adları sadalanan ölkələrin nümayəndələri ailə planlaşdırılması xidmətlərindən istifadə imkanlarını təhlil edərək, nəzərdə tutulan layihənin yanaşmalarını müəyyənləşdiriblər. Eləcə də layihənin bəzi texniki aspektləri nəzərdən keçirilib.

2011-ci il avqustun 22-23-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində fasilitator və qeyd aparanlar üçün təlim keçirildi. Təlimi İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin həkim-metodisti Teymur Hüseynov apardı.

T.Hüseynov ilk növbədə layihə haqqında təqdimat etdi. Məruzədə layihənin tarixçəsi, əhatə dairəsi və yanaşmalar haqqında söhbət açıldı. Daha sonra iştirakçılar səhiyyə işçiləri və icma liderləri ilə müsahibəni, həmçinin qeydləri aparanlar üçün tərtib olunmuş təlimatla tanış oldular. Sınaq sessiyada fokus qrupun müzakirəsi aparıldı. Müzakirəyə cəlb olunmuş şəxslərə ailə planlaşdırılması xidmətlərindən istifadə ilə bağlı suallar verildi. Cavablar əsasında fasilitatorlar və qeyd aparanlar fokus qrupun müzakirəsini təhlil etdilər.

Dekabrın 31-nə kimi davam edəcək “Ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsinin əsas məqsədi əhalinin müasir kontraseptiv üsullardan istifadəsinin aşağı səviyyədə olmasının səbəblərini öyrənməkdir. Bunun üçün sentyabrda hədəf auditoriya və səhiyyə sistemi işçiləri arasında sorğu aparılacaq.

Tədqiqatın nəticələri ölkəmizdə ailə planlaşdırılması üzrə müvafiq proqramların BMT-nin Əhali Fondu tərəfindən tərtib edilməsində istifadə olunacaq.