“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər davam edir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

15 AUGUST 2011

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər davam edir

2011-ci il avqustun 8-dən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində start götürən “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər davam edir. Təlimdə Bakı, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Şəki, Şirvanın tibb müəssisələrindən olan həkim-endokrinoloqlar və tibb bacıları iştirak edirlər. Avqustun 13-də həkim-endokrinoloqlar üçün təlimlər başa çatdı. Qeyd olunan regionların hər birindən 2 həkim-endokrinoloq olmaqla, ümumilikdə 14 həkim-endokrinoloqun iştirakının nəzərdə tutulduğu təlimlərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endikronoloji Mərkəzi və Azərbaycan Tibb Universitetinin İkinci müalicə profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasından ümumilikdə 23 həkim-endokrinoloq iştirak etdi. Təlim materialları paketi CD şəklində iştirakçılara təqdim olundu, gələcəkdə keçiriləcək təlimlərin cədvəli tərtib edildi. Təlimçilər çıxış edərək, layihənin əhəmiyyətindən, tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsinin vacibliyindən söhbət açdılar. Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olundu.

Avqustun 15-dən etibarən tibb bacıları üçün təlimlərə başlanıldı. İştirakçı qismində İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endikronoloji Mərkəzi və qeyd olunan regionların hər birindən 2 tibb bacısı olmaqla, nəzərdə tutulmuş 14 tibb bacısından, ümumilikdə 16 tibb bacısı çıxış edir. 5 gün davam edəcək təlimləri Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Endokrinoloji Elmi Mərkəzinin şöbə müdiri tibb elmləri doktoru Aleksandr Mayorov aparır. Təlimlərdə şəkərli diabetlə bağlı tibb bacılarının maarifləndirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində yaradılmış diabet məktəbləri dövlət proqramında yaradılması nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək.

Təlimdə iştirak etmiş həkim-endokrinoloqlar və tibb bacıları təlimdən sonra qeyd edilən regionlarda yaradılmış diabet məktəblərində ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinə, diabetli xəstələrə və risk qrupuna aid əhaliyə bu xəstəliklə bağlı biliklərin artırılması və özünənəzarətin gücləndirilməsi məqsədilə təlimlər keçməklə sağlam həyat tərzini təşviq edəcəklər.